I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası ərazisində təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:

1.0.1. təbii müalicə ehtiyatları-xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili üçün yararlı olan mineral sular, müalicəvi palçıqlar, müalicəvi Naftalan nefti, şor göllər, müalicəvi iqlim, çimərliklər və s.;

1.0.2. müalicə-sağlamlaşdırma yeri-təbii müalicə ehtiyatlarına malik təbiət ərazisi;

1.0.3. kurort-təbii müalicə ehtiyatlarına malik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizm infrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiət ərazisi;

1.0.4. kurort fəaliyyəti-təbii müalicə ehtiyatlarından istifadə əsasında xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili üzrə həyata keçirilən elmi-praktiki fəaliyyət növlərinin məcmusu;

1.0.5. sanatoriya-kurort müəssisələri-müalicə-sağlamlaşdırma yerlərində və kurortların ərazisində yerləşən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müalicə-sağlamlaşdırma xidmətləri göstərən müəssisələr (sanatoriyalar, pansionatlar, istirahət evləri, idman-sağlamlıq düşərgələri və s.);

1.0.6. sanitariya mühafizə zonası-təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin, kurortların və onlara bitişik sahələrin çirklənməkdən və vaxtından əvvəl tükənməkdən qorunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş təsərrüfatçılıq, yaşayış və təbiətdən istifadə rejiminə malik ərazi;

1.0.7. Azərbaycan Respublikasının kurort fondu-dövlət uçotuna alınmış bütün növ təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların məcmusu.

Maddə 2. Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Bu Qanun müalicə-sağlamlaşdırma yerləri və kurortlar, turizm və rekreasiya zonaları daxilində, həmçinin onların sərhədlərindən kənarda yerləşən təbii müalicə ehtiyatlarının istifadəsi və mühafizəsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.

Maddə 3. Ərazinin müalicə-sağlamlaşdırma yeri və kurort kimi tanınması

3.1. Müalicə-sağlamlaşdırma yerlərinə və kurortlara təbii müalicə ehtiyatlarına malik təbiət əraziləri aid edilə bilər.

3.2. Ərazinin müalicə-sağlamlaşdırma yeri və kurort kimi tanınması həmin ərazinin və orada mövcud olan təbii müalicə ehtiyatlarının tibbi-bioloji, kurortoloji, geoloji, hidrogeoloji və digər tədqiqatları əsasında müəyyən edilir.

3.3. Azərbaycan Respublikasında müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, ölkə və yerli əhəmiyyətli kateqoriyalara bölünür. Müalicə-sağlamlaşdırma yerlərinin və kurortların təşkili, ləğvi, onların kateqoriyalara aid edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

3.4. Hər bir kurortun fəaliyyət qaydası və xüsusiyyətləri həmin kurortun əhəmiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur. Kurortlar haqqında nümunəvi əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 4. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi sahəsində dövlətin səlahiyyətləri

4.1. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır:

4.1.1. sanatoriya-kurort müalicəsinin və istirahətin təşkili sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək;

4.1.2. təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi sahəsində dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;

4.1.3. təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə qaydasını və rejimini müəyyən etmək;

4.1.4. kurort fondunun dövlət uçotunu aparmaq;

4.1.5. təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların mühafizəsini təmin etmək, sanitariya mühafizə zonalarının rejimini və sərhədlərini müəyyən etmək;

4.1.6. təbii müalicə ehtiyatlarının işlənməsinə, səmərəli istifadəsinə və mühafizəsinə dövlət nəzarətini həyata keçirmək;

4.1.7. kurortların inkişaf proqramlarının, habelə kəşf edilmiş təbii müalicə ehtiyatlarının dövlət ekspertizasını həyata keçirmək;

4.1.8. kurort fondunun genişləndirilməsi və ondan istifadənin səmərəliliyini artırmaq məqsədi ilə elmi tədqiqatların aparılmasını təşkil etmək;

4.1.9. sanatoriya-kurort müalicəsi sahəsində kadrlar hazırlamaq;

4.1.10. müalicə-sağlamlaşdırma yerlərinin və kurortların inkişafı üçün dövlət investisiyalarını, eləcə də xarici investisiyaları cəlb etmək;

4.1.11. təbii müalicə ehtiyatlarının işlənməsi, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların tədqiqi və istifadəsi sahəsində beynəlxalq əməkdaşlığa şərait yaratmaq.

4.2. Dövlət müalicə-sağlamlaşdırma yerlərinin və kurortların inkişafı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə güzəştli kreditlər verə bilər.

Maddə 5. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların istifadəsi, inkişafı və mühafizəsi sahəsində bələdiyyələrin səlahiyyətləri

5.0. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların istifadəsi, inkişafı və mühafizəsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:

5.0.1. özlərinin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada müalicə-sağlamlaşdırma yerləri və kurortlar yaratmaq;

5.0.2. müalicə-sağlamlaşdırma yerlərinin və kurortların istifadəsi, inkişafı və mühafizəsi sahəsində dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;

5.0.3. öz səlahiyyətləri daxilində təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin, kurortların və onların torpaqlarının səmərəli istifadəsinə və mühafizəsinə nəzarət etmək;

5.0.4. yerli əhəmiyyətli kurortların istifadəsi və mühafizəsi üzrə qərarlar qəbul etmək;

5.0.5. öz səlahiyyətləri daxilində beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək.

Maddə 6. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsi

Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 7. Təbii müalicə ehtiyatlarının mənsubiyyəti

Azərbaycan Respublikasının ərazisində təbii müalicə ehtiyatları hər hansı hüquqi və fiziki şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur.

Maddə 8. Təbii müalicə ehtiyatlarından istifadə hüququ

8.1. Təbii müalicə ehtiyatları istifadəyə xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili məqsədi ilə qanunvericiliyə uyğun olaraq verilə bilər.

8.2. Təbii müalicə ehtiyatları hüquqi və fiziki şəxslərin istifadəsinə verilərkən, onların hüquqi statusu, rejimi və məqsədli təyinatı saxlanılır.

8.3. Təbii müalicə ehtiyatlarından istifadə qaydasının pozulması hallarında onlardan istifadə hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırıla və ya ona xitam verilə bilər. Təbii müalicə ehtiyatlarından istifadə hüququnun dayandırılması və ya ona xitam verilməsi təqsirli şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş digər məsuliyyət növlərindən azad etmir.

Maddə 9. Mineral suların, müalicəvi palçıqların və digər təbii müalicə ehtiyatları yataqlarının işlənməsi

9.1. Mineral suların, müalicəvi palçıqların və digər təbii müalicə ehtiyatlarının müalicəvi xassələri, onların insan orqanizminə təsirinin xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən elmi tədqiqatlar, çoxillik təcrübələr nəzərə alınmaqla müəyyən edilir.

9.2. Müalicə-sağlamlaşdırma yerləri və kurortların ərazisində mövcud olan mineral suların, müalicəvi palçıqların və digər təbii müalicə ehtiyatları yataqlarının işlənməsi qanunvericilikdə müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış geoloji və hidrogeoloji müəssisələr tərəfindən həyata keçirilir.

9.3. Mineral suların, müalicəvi palçıqların və digər təbii müalicə ehtiyatlarının hasilatı və istifadəsi texnologiyası yataqların vaxtından əvvəl tükənməməsinə, çirklənməməsinə və təbii müalicə ehtiyatlarının öz müalicəvi xassələrini itirməməsinə təminat verməlidir.

9.4. Təbii müalicə ehtiyatlarının işlənməsinə, istifadəsinə və mühafizəsinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 10. Təbii müalicə ehtiyatlarından kurortdankənar şəraitdə istifadə edilməsi

Təbii müalicə ehtiyatlarının kurortdankənar şəraitdə (tibb müəssisələrində, ev şəraitində və s.) istifadəsinə həmin təbii müalicə ehtiyatlarının keyfiyyət standartlarının tələblərinə və istifadəsi haqqında təlimata riayət edilmək şərtilə yol verilir.

Maddə 11. Kurortlarda tibb fəaliyyəti

11.1. Müalicə-profilaktika prosesini həyata keçirən sanatoriya-kurort müəssisələri bu Qanunun 11.3-cü maddəsinə uyğun olaraq tibb müəssisələrinin statusunu əldə edirlər.

11.2. Kurortlarda müalicə-sağlamlaşdırma məqsədi ilə təbii müalicə ehtiyatlarından istifadə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş konkret göstəriş və əks-göstərişlərə uyğun həyata keçirilir.

11.3. Müalicə-profilaktika prosesini həyata keçirən sanatoriya-kurort müəssisələri, habelə təbii müalicə ehtiyatlarından müalicə-profilaktika məqsədi ilə istifadə edən hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən olunmuş qaydada tibb fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər.

11.4. Sanatoriya-kurort müəssisələrinin rəhbərləri istirahət edənlərin sağlamlığının möhkəmləndirilməsi məqsədi ilə müalicə-profilaktika və istirahət prosesində bədən tərbiyəsi və idmanın müxtəlif vasitələrindən istifadə edilməsi üçün şərait yaradırlar.

Maddə 12. Kurort fəaliyyətinin maliyyələşdirilməsi

Kurort fəaliyyətinin maliyyələşdirilməsi sanatoriya-kurort müəssisələrinin təsərrüfat fəaliyyətindən əldə edilən gəlirlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələrin vəsaitləri hesabına həyata keçirilir.

Maddə 13. Sanatoriya-kurort müəssisələrinin əmlakı və ondan istifadə qaydaları

13.1. Xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili məqsədi ilə sanatoriya-kurort müəssisələri qanunvericilikdə müəyyən edilmiş qaydada torpaq sahələri və digər əmlak əldə edə bilərlər.

13.2. Kurortların ərazisində tikinti işlərinin aparılması xüsusi mühafizə olunan təbiət ərazilərində müvafiq işlərin aparılması üçün qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilməklə həyata keçirilir.

13.3. Sanatoriya-kurort müəssisələri mülkiyyətində, istifadəsində və icarəsində olan, kurortun ərazisində yerləşən bina, tikili və digər əmlaklardan yalnız xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili məqsədi ilə istifadə edirlər.

Maddə 14. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizəsinin təşkili

14.1. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların mühafizəsi məqsədi ilə onların ətrafında sanitariya mühafizə zonaları müəyyən edilir. Bu zonaların hüdudları daxilində fəaliyyəti təbii müalicə xassələrinin və əhalinin istirahəti üçün əlverişli şəraitin mühafizəsi ilə bir araya sığmayan müəssisələrin, idarələrin və təşkilatların istifadəsinə və icarəsinə torpaq sahələrinin verilməsi qadağan edilir.

14.2. Sanitariya mühafizə zonalarının sərhədləri və rejimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

14.3. Sanitariya mühafizə zonaları aşağıdakı üç növə bölünür:

14.3.1. ərazisində yalnız ekoloji təmiz və səmərəli texnologiyaları tətbiq edərək təbii müalicə ehtiyatlarının müalicə-sağlamlaşdırma məqsədi ilə tədqiqi və istifadəsi ilə əlaqədar görülən işlər istisna olmaqla yaşayışın və hər cür təsərrüfat fəaliyyəti növlərinin qadağan olunduğu zona;

14.3.2. ərazisində bilavasitə kurort müalicəsi və istirahət sahəsinin yaradılması və inkişaf etdirilməsi ilə bağlı olmayan obyekt və qurğuların yerləşdirilməsinin, habelə ətraf mühiti, təbii müalicə ehtiyatlarını çirkləndirən və onların tükənməsinə gətirib çıxaran işlərin görülməsinin qadağan olunduğu zona;

14.3.3. ərazisində sənaye və kənd təsərrüfatı müəssisələri və qurğularının yerləşdirilməsinə, ətraf mühitin, təbii müalicə ehtiyatlarının çirklənməsi və onların tükənməsi ilə müşayiət olunan təsərrüfat fəaliyyətlərinin həyata keçirilməsinə məhdudiyyətin qoyulduğu zona.

14.4. Sanitariya mühafizə zonalarında sanitariya-sağlamlaşdırma tədbirləri və çirklənmə ocaqlarının ləğv edilməsi sanitariya mühafizə rejimini pozmuş hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına həyata keçirilir.

14.5. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizəsinin təmin olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

14.6. Müəyyən edilən sanitariya rejimi ilə əlaqədar torpaq sahələrinin təsərrüfat dövriyyəsindən tam çıxarılması nəzərdə tutulduğu hallar istisna edilməklə, sanitariya mühafizə zonalarının hüdudlarında olan torpaq sahələri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən geri alınmır.

Maddə 15. Mübahisələrin həlli qaydası

Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların istifadəsi və mühafizəsi sahəsində yaranan mübahisələr, o cümlədən təbii müalicə ehtiyatlarına, müalicə-sağlamlaşdırma yerlərinə və kurortlara, habelə insan sağlamlığına vurulan zərərin ödənilməsi ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həll edilir.

Maddə 16. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 17. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 1 aprel 2008-ci il

№– 557-IIIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 may 2008-ci il, №– 107).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2008-ci il, №– 5 (131), maddə 327).

30 sentyabr 2009-cu il tarixli, 882-IIIQD nömrəli Qanuna əsasən dəyişikliklərlə.

 

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top