I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Sosial müavinətlər haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.0.1. sosial müavinətlər (bundan sonra müavinətlər) — bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;

1.0.2. əmək qabiliyyəti olmayan şəxslər — əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.

Maddə 2. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir.

2.3. Bu qanunla nəzərdə tutulmamış bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 3. Müavinət almaq hüququ olan şəxslər

3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Maddə 4. Müavinətlərin növləri

4.0. Bu qanunla aşağıdakı müavinətlər təyin edilir:

4.0.1. aylıq müavinətlər;

4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət;

4.0.1.2. yaşa görə müavinət;

4.0.1.3. əlilliyə görə müavinət;

4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;;

4.0.1.5. ailə başçısını itirməyə görə müavinət;

4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;

4.0.1.7. üç yaşınadək uşağa qulluğa görə müavinət;

4.0.1.8. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət;

4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət:

4.0.1.10. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;

4.0.1.11. «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, işsizlik müavinəti;

4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;

4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət.

4.0.2. Birdəfəlik müavinətlər:

4.0.2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət:

4.0.2.2. uşağın anadan olmasına görə müavinət:

4.0.2.3. dəfn üçün müavinət.

Maddə 5. Müavinət seçmək hüququ

Bu qanunun 4.0.1.1 — 4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər.

Maddə 6. Müavinətlərin maliyyə mənbəyi

6.1. Bu qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

6.2. «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə , dəfn üçün müavinətlər və işsizlik müavinəti məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilir.

Maddə 7. Müavinətlərin təyin olunması şərtləri

7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir:

7.0.1. dövlət qulluqçularına ömürlük müavinət «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) əmək pensiyası almaq hüququna malik olmadıqda;

7.0.2. yaşa görə müavinət — əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;

7.0.3. əlilliyə görə (16 yaşadək əlil uşaqlar daxil olmaqla) müavinət — əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda:

7.0.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət—müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydadamüvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda;

7.0.5. ailə başçısını itirməyə görə müavinət;

7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;

7.0.5.2. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə:

7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda;

7.0.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət — 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda;

7.0.8müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət bəzi kateqoriya şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu almaq hüququ müəyyən edildikdə;

7.0.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət — müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda;

7.0.10. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət — ailənin «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda;

7.0.10-1. işsizlik müavinəti — şəxs «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işsiz statusu aldıqda;

7.0.10-2. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət – «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda;

7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət — beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda;

7.0.11. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət—şəxsin radiasiya qəzası nəticəsində əlil olduğunu və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən müvafiq icra hakimiyyəti orqanının arayışı təqdim edildikdə;

7.0.12. uşağın anadan olmasına görə müavinət — müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildikdə;

7.0.13. dəfn üçün müavinət — bu qanunun 4.0.1.1 — 4.0.1.5-ci və 4.0.1.11-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs vəfat etdikdə.

Maddə 8. Müavinətlərin məbləği

Müavinətlərin (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ildə bir dəfədən az olmamaq şərti ilə indeksləşdirilir. İşsizlik müavinətinin məbləği «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinətin məbləği isə «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq müəyyən edilir.

Maddə 9. Müavinətlərin təyin edilməsi müddəti

9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:

9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət — ömürlük;

9.1.2. əlilliyə görə (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət — əlillik müddətinə;

9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət—18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə;

9.1.4. ailə başçısını itirməyə görə müavinət;

9.1.4.1. vəfat etmiş şəxsin uşaqlarına — 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);

9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına—əlillik müddətinə;

9.1.4.3. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə — uşağın 8 yaşınadək;

9.1.5müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək;

9.1.6. üç yaşınadək uşağa qulluğa görə müavinət — müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə;

9.1.7. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət;

9.1.7.1. uşağın 16 yaşı tamam olan ayın sonunadək;

9.1.7.2. ümumtəhsil məktəblərində əyani təhsil alanlara — 18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox olmamaqla);

9.1.8. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət — müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə;

9.1.9. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət — uşağın bir yaşı tamam olan ayın sonunadək;

9.1.10. beşdən çox uşağı olan qadınlara müavinət — uşağın 18 yaşı tamam olan ayın sonunadək.

9.2. Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.

9.3. Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

9.4. İşsizlik müavinətinin ödənilməsi müddəti «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

9.5. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi müddəti «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

Maddə 10. Müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları

10.1. Müavinətlər (işsizlik müavinəti istisna olmaqla) şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. İşsizlik müavinətinin təyin edilməsi və ödənilməsi qaydası «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi qaydası «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

10.2. Bu qanunun 7.0.12-ci, 9.1.4.1-ci, 9.1.4.2-ci, 9.1.6-cı, 9.1.7-ci, 9.1.9-cu və 9.1.10-cu maddələrində nəzərdə tutulmuş müavinətlər hər bir uşaq üçün təyin edilir.

10.3. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.

10.4. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır.

10.5. Müavinət təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, müvafiq icra hakimiyyəti orqanları səbəblər göstərilməklə, müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verir.

10.6. Müavinət təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.

10.7. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.

10.8. Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinət məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir.

Maddə 10-1. Müavinətlərin ödənilməsi qaydaları

10-1.1. Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müavinətlər tam məbləğdə ödənilir.

10-1.2. Müavinət alan şəxsin müalicə müəssisələrində stasionar müalicədə, habelə cüzam xəstəxanasında olduğu dövrdə müavinəti ona tam məbləğdə ödənilir.

10-1.3. Sosial xidmət müəssisələrində yaşayan şəxslərə təyin olunmuş müavinət onlara tam məbləğdə ödənilir. Sosial xidmət müəssisələrində yaşayan məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslərə təyin edilmiş müavinət onların qəyyumlarına və ya himayəçilərinə ödənilir. Qəyyumlar və himayəçilər müavinətin üzərində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun sərəncam verirlər.

10-1.4. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara müavinət, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir.

10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.

10-1.6. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.

10-1.7. Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinətin məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir.

Maddə 11. Müavinətlərin ödənişinin dayandırılması

11.1. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:

11.1.1. dövlət qulluqçularına ömürlük müavinət — dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə;

11.1.2. yaşa görə müavinət — şəxs əmək fəaliyyətinə başladıqda;

11.1.3. əlilliyə görə (16 yaşadək əlil uşaqlar daxil olmaqla) müavinət — şəxs əmək pensiyası hüququ qazandıqda;

11.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət—şəxs əmək pensiyası hüququ qazandıqda;

11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda;

11.1.6. 3 yaşınadək uşağa qulluğa görə müavinət — müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda;

11.1.7. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət — müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə.

11.2. Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu qanunun 11.1.1 — 11.1.6-cı maddələrində göstərilən hallarda, habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır.

11.3. İşsizlik müavinətinin ödənilməsinin dayandırılması və ya ona xitam verilməsi halları «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Maddə 12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə, müavinət alan şəxsin məlumat vermək vəzifəsi

12.1. Bu qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə, müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur.

12.2. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarınaqaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

Maddə 13. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 14. Qanunun qüvvəyə minməsi

Bu qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 7 fevral 2006-cı il

№– 55-IIIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 fevral 2006-cı il, №– 42).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2006-cı il, №– 2, maddə 76).

1 oktyabr 2007-ci il tarixli, 419-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 621-IIIQD nömrəli (Bu Qanun Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir); 13 iyun 2008-ci il tarixli, 642-IIIQDnömrəli; 11 dekabr 2012-ci il tarixli, 502-IVQD nömrəli; 31 may 2013-cü il tarixli, 670-IVQD nömrəli; 30 sentyabr 2013-cü il tarixli, 720-IVQD nömrəli; 29 oktyabr 2013-cü il tarixli, 791-IVQD nömrəli (2014-cü il yanvarın 1-dən qüvvəyə minir) Qanunlara əsasən dəyişikliklər və əlavələrlə.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top