İxrac nəzarəti haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun dövlət orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsinin hüquqi əsaslarını və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirilməsi qaydalarını müəyyən edir.
Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
1.1.1. ixrac nəzarəti-ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, bu ərazidən çıxarılması və tranzitinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsini təmin edən tədbirlər kompleksi;
1.1.2. ikili təyinatlı mallar (işlər, xidmətlər)-mülki məqsədlər üçün istifadə edilən, lakin kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında da istifadə edilə bilən mallar (işlər, xidmətlər);
1.1.3. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) nomenklaturu-kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında istifadə edilən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), habelə istifadə edilə bilən ikili təyinatlı malların (işlərin, xidmətlərin), xammalın, nüvə və xüsusi qeyri-nüvə materialları daxil olmaqla, materialların, avadanlığın, elmi-texniki informasiyanın, cinayətkarlığa və terrorçuluğa qarşı istifadə olunan vasitələrin siyahıları;
1.1.4. əqli fəaliyyətin nəticələri-elmi işlər, elektron hesablayıcı texnikanın və məlumat topluları proqramlarına müəlliflik hüquqları, sənaye mülkiyyətinə hüquqlar, kəşf hüquqları, hüquqi və fiziki şəxslər tərəfindən istehsal edilmiş (onlara məxsus olan) mallar, onlar tərəfindən göstərilən xidmətlər, silah, hərbi texnika, ikili təyinatlı mallar, kütləvi qırğın silahının hazırlanması üçün xüsusi avadanlıq və texnologiya ilə bağlı olan sənaye nümunələri və «nou-hau»;
1.1.5. kütləvi qırğın silahları-nüvə, kimyəvi, bakterioloji (bioloji) və toksin silahı.
1.2. Bu Qanunda istifadə edilən mülki, gömrük və başqa qanunvericilik sahələrinə aid digər anlayışlar müvafiq qanunvericilik aktlarında müəyyən olunmuş mənanı kəsb edir.
Maddə 2. Azərbaycan Respublikasının ixrac nəzarəti üzrə qanunvericiliyi
2.1. Azərbaycan Respublikasının ixrac nəzarəti üzrə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının gömrük işi, əhalinin sanitar-epidemioloji və radiasiya təhlükəsizliyi haqqında qanunvericiliyindən və digər müvafiq normativ-hüquqi aktlardan ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrlə bu Qanun arasında ziddiyyət yarandıqda, həmin beynəlxalq müqavilələr tətbiq olunur.
Maddə 3. İxrac nəzarəti üzrə qanunvericiliyin tətbiqi dairəsi
3.1. Bu Qanun ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti və xarici iqtisadi fəaliyyətin digər əməliyyatlarına tətbiq edilir.
3.2. Bu Qanun, hüquqi və fiziki şəxslər tərəfindən aparılan əməliyyatlar və ya bağlanmış müqavilələr partlayıcı və radioaktiv maddələrin, materialların, cihazların, kütləvi qırğın silahlarının, digər silahların yayılmasına imkan yaratdığı və Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına zərər gətirdiyi hallarda da tətbiq edilir.
Maddə 4. İxrac nəzarətinin həyata keçirilməsinin məqsədləri və prinsipləri
4.0. Azərbaycan Respublikasında ixrac nəzarətinin həyata keçirilməsinin məqsədləri və prinsipləri aşağıdakılardır:
4.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi;
4.0.2. ixrac nəzarətinin həyata keçirilməsində Azərbaycan Respublikasının siyasi, hərbi və iqtisadi maraqlarının təmin edilməsi;
4.0.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı kütləvi qırğın və başqa növ silahların yayılmaması barədə dövlətlərarası beynəlxalq müqavilələr üzrə öhdəliklərə riayət edilməsi;
4.0.4. kütləvi qırğın silahlarının yayılmaması rejimi çərçivəsində nəzarətə düşən malın (işin, xidmətin, əqli fəaliyyətin nəticələrinin) son istifadəçisinin, aralıq tərəflərin və texnologiya səviyyəsinin yoxlanılması;
4.0.5. ixrac nəzarəti haqqında qanunvericiliyə, habelə ixrac nəzarəti siyasətinin aparılmasına dair məlumatların açıqlığı.
Maddə 5. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
5.0. Mənşəyindən, mülkiyyətçisindən və istehsal vaxtından asılı olmayaraq, bu Qanunun tələb və şərtlərinə əsasən aşağıdakı mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixrac nəzarətinə düşür:
5.0.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) və texnologiyalar;
5.0.2. kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələri daxil olmaqla, hərbi təyinatlı mallar;
5.0.3. kütləvi qırğın silahlarının, silahların, hərbi texnikanın və sursatların yaradılmasında və hazırlanmasında istifadə oluna bilən ikili təyinatlı mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri);
5.0.4. partlayıcı və radioaktiv maddələr, materiallar, radioaktiv mənbəli cihazlar, ionlaşdırıcı şüa mənbələri, qurğuları;
5.0.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi, o cümlədən son istifadəsinə və ya istifadəçisinə görə ixrac nəzarətinə düşən digər mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri).
Maddə 6. İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) siyahısı
6.1. İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.
6.2. Siyahı təsdiq edildikdən sonra müvafiq qaydada dərc olunmalıdır.
Maddə 7. İxrac nəzarətinin həyata keçirilməsi sistemi
7.1. İxrac nəzarət sistemi ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti əməliyyatlarının aparılması qaydalarını müəyyən edir.
7.2. Azərbaycan Respublikasının ixrac nəzarəti sisteminə daxildir:
7.2.1. ixrac nəzarəti üzrə qanunvericilik aktları;
7.2.2. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) siyahısının müəyyən edilməsi;
7.2.3. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac rejimlərinin müəyyən edilməsi;
7.2.4. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracının, idxalının, təkrar ixracının, təkrar idxalının, tranzitinin xüsusi icazə əsasında həyata keçirilməsi;
7.2.5. ikili təyinatlı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) sifariş edilmiş məqsədlər üçün istifadəsinə nəzarət;
7.2.6. xüsusi icazə verilməsindən əvvəl və sonra ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əməliyyatların aparılmasına nəzarət;
7.2.7. beynəlxalq təşkilatlarla və xarici dövlətlərin ixrac nəzarəti orqanları ilə məlumat mübadiləsi və digər qarşılıqlı əlaqələr;
7.2.8. ixrac nəzarəti sisteminin fəaliyyəti üzrə ictimaiyyətə ümumi, habelə spesifik məlumatın verilməsi;
7.2.9. ixrac nəzarəti sisteminin fəaliyyəti barədə ictimai rəyin öyrənilməsi.
7.3. İxrac nəzarətinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7.4. İxrac nəzarətinə düşən malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının gömrük orqanı həyata keçirir.
Maddə 8. İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin) ixrac rejimlərinin müəyyən edilməsi
8.1. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri), bu malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracına qadağan və ya məhdudiyyət qoyulmuş dövlətlər və son istifadəçilər istisna edilməklə, hər hansı bir dövlətə ixrac oluna bilər.
8.2. İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracına qadağan qoyulmuş dövlətlərin, son istifadəçilərin, habelə onlara ixracı qadağan edilən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 9. İxrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) xüsusi icazə verilməsi
9.1. İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi icazə əsasında həyata keçirilir.
9.2. Mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 10. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaların aparılması
İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.
Maddə 11. İkili təyinatlı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) istifadəsinə nəzarət
İkili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 12. İxrac nəzarətinə aid məlumatların alınması və qorunması
12.1. İxrac nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanlarının onlara həvalə edilmiş funksiyaların həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən ixrac nəzarəti məsələlərinə aid sənəd və məlumatları almaq hüququ vardır.
12.2. Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarətinə aid sənəd və məlumatlar yalnız ixrac nəzarəti məqsədləri üçün istifadə edilir.
12.3. Bu Qanunun 12.2-ci maddəsində göstərilən sənəd və məlumatların və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi qadağandır.
12.4. İxracatçılardan (idxalatçılardan) alınan məxfi məlumatlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq qorunur.
Maddə 13. Beynəlxalq təşkilatların fəaliyyətində iştirak
Azərbaycan Respublikası üzv olduğu ixrac nəzarəti sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, həmçinin tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrin şərtlərindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi üçün kütləvi qırğın silahlarının yayılmaması rejiminin təmin edilməsi və möhkəmləndirilməsi ilə bağlı məsələlər üzrə digər beynəlxalq təşkilatların fəaliyyətində, habelə bu sahədə çoxtərəfli və ikitərəfli tədbirlərdə iştirak edir.
Maddə 14. Azərbaycan Respublikasının ixrac nəzarəti haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət
İxrac nəzarəti haqqında qanunvericiliyi pozan Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülki, inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV.
Bakı şəhəri, 26 oktyabr 2004-cü il.
№– 772-IIQ.
«Respublika» qəzetində dərc edilmişdir (5 yanvar 2005-ci il, №– 2).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2004-cü il, №– 12, maddə 975).