"Be faithful to that which exists within yourself."
Andre Gide

Çayçılıq haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında çayçılığın təşkilinin, çay istehsalının, emalının və dövriyyəsinin tənzimlənməsinin, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. çayçılıq - çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi;

1.0.2. çay - yarpağı, tumurcuqları və zərif gövdəsi emal ediləndən sonra çay içkisi kimi istehlak olunan həmişəyaşıl çoxillik subtropik bitki;

1.0.3. çay əkini materialları - çay plantasiyalarının salınmasında, bərpasında və təmirində istifadə edilən veqetativ və generativ üsullarla çoxaldılan tinglər;

1.0.4. çay məhsulları - çay yarpağının emalı yolu ilə istehlak üçün hazırlanmış məxməri, preslənmiş, tozvari və qatılaşdırılmış çay növləri;

1.0.5. çay sənayesi - çay yarpağını ilkin emal edən, onun yarpağından çay məhsulları istehsal edən və qablaşdıran yeyinti sənayesi sahəsi.

Maddə 2. Çayçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Çayçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının mülki və aqrar qanunvericiliyindən, habelə bu Qanunla əlaqədar qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə çayçılıq məhsullarının istehsalı, dövriyyəsi və keyfiyyətinə dair müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Maddə 3. Qanunun məqsədi

Bu Qanunun məqsədi çay istehsalını stimullaşdırmaqla ölkədə çayçılığın bərpasını və inkişafını təmin etmək, istehlak bazarına beynəlxalq standartların tələblərinə cavab verən, rəqabət qabiliyyətli çay məhsullarının çıxarılmasına iqtisadi və hüquqi zəmin yaratmaqdır.

Maddə 4. Çayçılığın obyektləri və subyektləri

4.1. Çayçılığın obyektləri çay plantasiyaları, çay əkini materialları və çay məhsulları, habelə onun son istehlakına qədər bütün mərhələlərdə bu və ya digər formada istifadə olunan torpaq, bina, texnika, texnoloji maşınlar və avadanlıqlar, köməkçi təbii və süni materiallardır.

4.2. Çayçılığın subyektləri çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının becərilməsi və ilkin emalı, habelə çay məhsullarının istehsalı və dövriyyəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərdir.

Maddə 5. Çayçılıq sahəsində dövlət siyasətinin istiqamətləri

Çayçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri çayçılıqda investisiya fəaliyyətinin və kooperasiyanın stimullaşdırılmasından, lizinq və aqroservis xidmətlərinin genişləndirilməsindən, çay məhsullarının keyfiyyətinin yüksəldilməsindən və ixracının artırılmasından, daxili bazarın qorunmasından, habelə çay becərən regionlarda sosial təminatın yaxşılaşdırılmasından və ekoloji tarazlığın saxlanılmasından ibarətdir.

Maddə 6. Çayçılıq sahəsində dövlətin vəzifələri

6.0. Çayçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

6.0.1. çayçılığın təşkili, çay əkini materiallarının yetişdirilməsi, çay məhsullarının istehsalının, dövriyyəsinin və keyfiyyətinin yüksəldilməsi tədbirlərinin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul etmək;

6.0.2. çay məhsulları bazarını öyrənmək, proqnozlar vermək, sahənin inkişafı üzrə məqsədli dövlət proqramları hazırlamaq və həyata keçirmək;

6.0.3. məqsədli proqramlar əsasında çaya yararlı torpaqlarda yeni çay plantasiyalarının salınmasını, mövcud çay plantasiyalarının bərpasını, çay əkini materiallarının yetişdirilməsini, çayçılığın elmi təminatının yaxşılaşdırılmasını, çay məhsullarının ixracının artırılmasını və keyfiyyətinin yüksəldilməsini stimullaşdırmaq;

6.0.4. çay məhsullarının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək;

6.0.5. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

II fəsil. Çayçılığın inkişafına dövlət himayəsi

Maddə 7. Çayçılığın inkişafı üzrə dövlət proqramı

7.1. Çayçılığın inkişafı üzrə dövlət proqramı çaya yararlı torpaqların təyinatı üzrə istifadə edilməsini, yeni çay plantasiyalarının salınmasını, mövcud çay plantasiyalarının bərpasını, çay tingliklərinin salınmasını və çay əkini materiallarının yetişdirilməsini, çayçılıq zonasında suvarma sistemlərinin və istehsalın digər infrastrukturu sahələrinin bərpasını və inkişafını, çayçılığın elmi təminatının yaxşılaşdırılmasını, çay məhsullarının istehsalının və keyfiyyətinin yüksəldilməsini, ixracının artırılmasını, habelə bu işlərin həyata keçirilməsi üçün maliyyə mənbələrinin müəyyən edilməsi və çayçılıq sahəsinə investisiyanın cəlb olunması tədbirlərini nəzərdə tutur.

7.2. Çayçılığın inkişafı üzrə dövlət proqramı müvafiq icra hikimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilməsi təmin edilir.

Maddə 8. Çayçılığın inkişafının stimullaşdırılması

8.1. Çayçılığın inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasında yeni çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının və çay məhsullarının istehsalı, habelə çayçılığın elmi təminatının yaxşılaşdırılması sahəsində məqsədli dövlət siyasəti həyata keçirilir.

8.2. Çayçılıq zonasında kredit ittifaqları şəbəkəsinin fəaliyyətinin sürətləndirilməsinə şərait yaradılır.

8.3. Çay məhsulları istehsalçılarının fəaliyyətini stimullaşdırmaq və daxili bazarın qorunmasını təmin etmək məqsədilə əhalinin çay məhsuluna olan tələbatı müəyyənləşdirilir və istehlakı proqnozlaşdırılır.

8.4. Çay məhsulları istehsalında istifadə olunan avadanlıqların, maşın və mexanizmlərin, köməkçi materialların idxalına differensiallaşdırılmış gömrük rüsumları tətbiq edilir.

Maddə 9. Çayçılığın inkişafının maliyyə təminatı

9.1. Çayçılığın inkişafının maliyyə təminatı dövlət büdcəsindən ayırmalar, o cümlədən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri, habelə investisiyalar, qrantlar və digər mənbələr hesabına formalaşır.

9.2. İnvestorları çayçılığın inkişafı sahəsində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə həvəsləndirmək məqsədilə dövlət tərəfindən onların fəaliyyətinə əlverişli iqtisadi və hüquqi mühit yaradılır.

9.3. Çay əkini materialları və yaşıl çay yarpağı istehsalçıları ilə uzunmüddətli kooperasiya əlaqələri quran, onları resurslarla təmin edən və məhsullarını alan çay emalı müəssisələrinə məqsədli kreditlər alınmasında üstünlük hüququ verilir.

9.4. Çayçılıqda mütərəqqi texnikanın və texnologiyanın tətbiqini təmin etmək məqsədilə lizinq əsasında texniki xidmətin, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin təchizatının təşkili sahəsində sahibkarlıq fəaliyyəti stimullaşdırılır.

9.5. Çayçılığın inkişafının maliyyələşdirilməsinin və stimullaşdırılmasının digər forma, qayda və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

III fəsil. Çayçılığın təşkili

Maddə 10. Çay əkini materiallarının istehsalı

10.1. Çay əkini materialları müvafiq elmi tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tinglik müəssisələrində və çayçılıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin şəxsi təsərrüfatlarında istehsal olunur.

10.2. Azərbaycan Respublikasında istehsal edilən və satılan çay əkini materiallarına qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların sortluq və əkin keyfiyyətlərini təsdiq edən şəhadətnamə və fitosanitar vəziyyətinə dair sertifikat verilir.

Maddə 11. Çay əkini materiallarının yetişdirilməsi, çay plantasiyalarının salınması və yaşıl çay yarpağının istehsalı üzrə normativ sənədlər

11.1. Çaya yararlı torpaqların seçilməsi, hazırlanması, çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi və yaşıl çay yarpağının istehsalı üzrə normativ sənədlərə onların becərmə, istehsal, saxlanma və satış qaydalarını, habelə keyfiyyət göstəricilərini nizamlayan və müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş standartlar, təlimatlar və tövsiyələr aiddir.

11.2. Çay plantasiyalarının salınması və çay əkini materiallarının yetişdirilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər, onların sort tərkibinin təmizliyinə və fitosanitar vəziyyətinə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

11.3. Yaşıl çay yarpağının becərilməsi, yığılması və daşınması normativ sənədlərə və texnoloji normalara uyğun olaraq həyata keçirilir.

11.4. Yaşıl çay yarpağının becərilməsində istifadə edilən zərərli kimyəvi maddələrin, bioloji və digər preparatların yol verilən hədləri müvafiq normativ sənədlərlə müəyyən olunur.

Maddə 12. Yaşıl çay yarpağının emalı

12.1. Yaşıl çay yarpağının emalı xüsusi texnologiyalar əsasında yarpağın ilkin emalını və çay məhsullarının istehsalını əhatə edir və müvafiq standartların tələblərinə, sanitariya normalarına və qaydalarına riayət edilməklə, təsdiq edilmiş texnoloji təlimatlara və resepturaya uyğun olaraq həyata keçirilir.

12.2. Çay məhsullarının tərkibindəki kofeinin və taninin miqdarı qüvvədə olan standartlarla müəyyən edilmiş həddən az, nəmliyi və metalmaqnit qarışıqlarının miqdarı isə çox ola bilməz.

12.3. Yaşıl çay yarpağının emalında tərkibində narkotik vasitələr və psixotrop maddələr olan kimyəvi, bioloji və digər preparatların istifadəsinə yol verilmir.

12.4. Yeni çay markası istehsalata hazırlanarkən onların tərkibinin, keyfiyyət göstəricilərinin, insan orqanizmi üçün təhlükəsizliyinin və yararlılıq müddətinin müvafiq standartlara və tələblərə uyğunluğu müəyyən olunur, bu göstəricilər məhsulun normativ sənədlərinə daxil edilir.

Maddə 13. Çay məhsullarının qablaşdırılması, etiketləşdirilməsi və saxlanması

13.1. İstehlak bazarına çıxarılan çay məhsulları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qablaşdırılır və etiketləşdirilir.

13.2. Çay məhsullarının qablaşdırılması, etiketləşdirilməsi və saxlanması qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir.

13.3. Azərbaycan Respublikasında istehsal edilən çay məhsulunun etiketində aşağıdakılar göstərilməlidir:

13.3.1. məhsulun adı və əmtəə markası;

13.3.2. istehsalçının adı və əmtəə nişanı;

13.3.3. məhsul qrupu;

13.3.4. yararlılıq müddəti;

13.3.5. normativ sənədin (standart, texniki şərt və s.) adı, istehsal və qablaşdırma tarixi;

13.3.6. məhsulun mənşəyi, növü (növlü məhsul üçün) və kütləsi;

13.3.7. sertifikatlaşdırma haqqında məlumat;

13.3.8. sifarişçinin təklifi ilə digər məlumatlar.

13.4. Etiketlərdə göstərilən məlumatlar Azərbaycan dilində, məhsulun adı isə həm Azərbaycan dilində, həm də xarici dillərin birində yazılır.

13.5. İxrac edilən çay məhsullarının etiketlərinin tərtibatı tərəflər arasında bağlanılmış müqavilədə razılaşdırıla bilər.

13.6. Çay məhsullarının saxlanması və daşınması onların keyfiyyət və kəmiyyət göstəricilərinin sabitliyini təmin edən vasitələrlə həyata keçirilir.

Maddə 14. Çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlara dair tələblər

14.1. Çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar yeyinti sənayesində istifadəsinə icazə verilən materiallardan hazırlanmalıdır. Yaşıl çay yarpağının istehsalında və emalında istifadə edilən texniki və texnoloji avadanlıqlara idxaldan əvvəl çay emalı ekspertinin rəsmi rəyi alınır və onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilir.

14.2. Çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar mütləq qaydada elektron nəzarət cihazları və avtomatlaşdırılmış kütlə nəzarət sayğacları ilə təchiz edilməlidir.

Maddə 15. Çay sənayesi müəssisələrinin attestasiyası

15.1. Çay məhsulları istehsal edən müəssisələr buraxılan məhsulların insan həyatı və sağlamlığına, habelə ətraf mühitin mühafizəsinə təminat verən texniki, ekoloji, sanitariya, yanğından mühafizə normalarına və qaydalarına uyğunluğuna görə icbari attestasiyadan keçirilir.

15.2. Attestasiya, müəssisələrdə istehsal edilən və istehlak bazarına çıxarılan hər məhsul markası üzrə müvafiq icra hikimiyyəti orqanı tərəfindən keçirilir və müəyyən olunmuş qaydada sənədləşdirilir.

15.3. Attestasiyanın keçirilməsi qaydaları müvafiq icra hikimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 16. Çay məhsullarının dequstasiyası

16.1. Çay məhsullarının yeni markası tərkibinə və fiziki-kimyəvi göstəricilərinə görə oxşar məhsullardan fərqlənməlidir.

16.2. Çay məhsullarının yeni markası və çeşidləri istehsala hazırlanarkən onların nümunələri tələb olunan sənədlərlə birlikdə qablaşdırılmazdan əvvəl müvafiq icra hikimiyyəti orqanının mərkəzi dequstasiya komissiyasına təqdim edilməlidir.

16.3. Çay məhsullarının yeni markasının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydaları müvafiq icra hikimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur.

16.4. Çay məhsullarının yeni markası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dovlət reyestrində qeydiyyata alınır və patentləşdirilir.

16.5. Çay məhsullarının yeni markası qanunvericiliyə uyğun olaraq sənədləşdirildikdən sonra istehlak bazarına çıxarıla bilər.

IV fəsil. Çay məhsullarının dövriyyəsi

Maddə 17. Çay məhsullarının satışa çıxarılması, satışının qadağan edilməsi və reklamı

17.1. Azərbaycan Respublikasında satışa çıxarılan çay məhsullarının müşayiətedici sənədlərində Azərbaycan dilində aşağıdakılar barədə məlumatlar olmalıdır:

17.1.1. məhsulun adı və kütləsi, o cümlədən istehlak qabında olan kütləsi, habelə istehsal edildiyi tarix və istifadəyə yararlılıq müddəti;

17.1.2. istehsalçının adı, hüquqi ünvanı və istehsal olunduğu ölkənin adı;

17.1.3. normativ sənədin (standart, texniki şərt və s.) adı, məhsulun sertifikatlaşdırılması;

17.1.4. beynəlxalq müsabiqələrin qalibi olması barədə qeyd;

17.1.5. məhsulun tərkibi və istehsalında istifadə edilən əlavələr;

17.1.6. məhsulun tərkibində insan həyatı və sağlamlığı üçün zəruri maddələrin yol verilən miqdarı.

17.2. Çay məhsullarının satışı aşağıdakı hallarda qadağan olunur:

17.2.1. saxtalaşdırılması müəyyən olunduqda;

17.2.2. istehsal markasına uyğun gəlmədikdə;

17.2.3. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;

17.2.4. keyfiyyəti, qablaşdırılması və etiketləşdirilməsi qüvvədə olan standartların tələblərinə və gigiyenik normativlərə uyğun gəlmədikdə.

17.3. Çay məhsullarının reklamı Azərbaycan Respublikasınını qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Maddə 18. Çay məhsullarının idxalı və ixracı

18.1. Çay məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

18.2. Çay məhsullarının idxalı yerli çay istehsalı nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq gömrük tarifləri vasitəsilə tənzimlənir.

18.3. Azərbaycan Respublikasına idxal olunan çay məhsullarının keyfiyyəti qüvvədə olan standartların və gigiyenik normativlərin tələblərinə cavab verməlidir.

18.4. Çay məhsullarının ixracına məhdudiyyət qoyulmur.

Maddə 19. Çay məhsullarının dövriyyədən götürülməsi

19.1. Çay məhsullarının dövriyyədən götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir.

19.2. Çay məhsulları dövriyyədən aşağıdakı hallarda götürülür:

19.2.1. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;

19.2.2. qüvvədə olan normativ sənədlərə uyğun qablaşdırılmadıqda və etiketləşdirilmədikdə;

19.2.3. məhsulun keyfiyyəti qüvvədə olan normativ sənədlərin və gigiyenik normativlərin tələblərinə cavab vermədikdə;

19.2.4. qanuni istehsalı və dövriyyəsi barədə sənədləri olmadıqda;

19.2.5. sahibsiz olması müəyyən edildikdə.

19.3. Dövriyyədən götürülmüş çay məhsulları bu Qanunun 19.2.3-cü maddəsində göstərilən halda məhv edilir, digər hallarda isə istifadə edilir.

V fəsil. Çay məhsullarının keyfiyyətinin təmin edilməsi və mübahisələrin həlli

Maddə 20. Çay məhsullarının keyfiyyətinə dair tələblərin normalaşdırılması

20.1. Çay məhsullarının keyfiyyətinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, emal, qablaşdırma, etiketləşdirmə, markalanma və satış şərtlərini müəyyən edən texniki, sanitariya, ekoloji və digər standartlar, norma, qayda və tələblər vasitəsilə həyata keçirilir.

20.2. Çay məhsullarının keyfiyyətinə dair normativ sənədlərin tələbləri çayçılıq subyektləri üçün məcburidir.

Maddə 21. Çay məhsullarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi

21.1. Azərbaycan Respublikasında istehsal edilən və ölkəyə gətirilən çay məhsulları fiziki-kimyəvi, orqanoleptik, toksikoloji, mikrobioloji və radioloji göstəricilərinə görə təhlil edilir və qiymətləndirilir. Təhlil üçün götürülmüş məhsulların miqdarı müvafiq normativ aktlarla müəyyən edilir, dəyəri və laboratoriya xərcləri idxalçının hesabına ödənilir. Keyfiyyət göstəricilərinin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş laboratoriyalarda, vahid metodika üzrə aparılır.

21.2. Çay məhsullarının tərkibində insanların həyatı və sağlamlığı üçün zərərli maddələrin miqdarı qüvvədə olan standartlarla və gigiyenik normativlərlə tənzimlənir.

21.3. Keyfiyyət göstəriciləri qiymətləndirilmiş yaşıl çay yarpağı, habelə dövlət gigiyena qeydiyyatına alınmış çay məhsulları müvafiq qaydada sertifikatlaşdırılır.

Maddə 22. Çay məhsullarının saxtalaşdırılmadan qorunması və keyfiyyətinə nəzarət

22.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə attestasiyadan keçirilmədən, dövlət gigiyena qeydiyyatına alınmadan, habelə təsdiq edilmiş texnoloji normalara uyğun üsullara, ardıcıllığa və materiallara riayət edilmədən istehsal olunmuş çay məhsulları saxta hesab olunur.

22.2. Daxili bazarın saxtalaşdırılmış çay məhsullarından qorunması məqsədilə çayçılıq subyektləri istehsal etdikləri məhsulları qanunvericiliklə müəyyən olunmuş qaydada sertifikatlaşdırmalı, qablaşdırmalı və məhsulun xarici tərtibatını bu Qanunla müəyyən edilmiş qaydada aparmalıdırlar.

22.3. Çay məhsullarının keyfiyyətinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.

22.4. Çay məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyalarını öz səlahiyyətləri daxilində müvafiq icra hikimiyyəti orqanları həyata keçirirlər.

22.5. İstehlakçılar və qeyri-hökumət təşkilatları çay məhsullarının keyfiyyətinə nəzarət funksiyalarını səlahiyyətləri daxilində həyata keçirə bilərlər.

Maddə 23. Çayçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Çayçılıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 24. Mübahisələrin həlli

Çayçılıq fəaliyyəti ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 17 dekabr 2002-ci il

№– 402-IIQ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2004-cü il, №– 11, maddə 881).

7 dekabr 2007-ci il tarixli, 509-IIIQD nömrəli Qanuna əsasən əlavələrlə.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top