"Be faithful to that which exists within yourself."
Andre Gide

Kredit ittifaqları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında kredit İttifaqlarının yaradılması və fəaliyyət göstərməsinin iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edir.

  I fəsil Ümumİ müddəalar

 

Maddə 1. Kredit İttifaqı anlayışı  

1. Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

2. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzun müddətli kreditdir.

3. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.

 

Maddə 2. Kredit İttifaqları haqqında qanunvericilik  

Kredit İttifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

 

Maddə 3. Kredit İttifaqının fəaliyyətinin əsas prinsipləri  

1. Kredit İttifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

1.1. üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi;

1.2. üzvlüyün könüllülüyü;

1.3. fəaliyyətinin aşkarlığı;

1.4. şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi;

1.5. payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi;

1.6. Kredit İttifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı;

1.7. əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi;

1.8. fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması.

 

Maddə 4. Kredit İttifaqının hüquqları və vəzifələri  

1. Kredit İttifaqının aşağıdakı hüquqları vardır:

1.1 banklardan, beynəlxalq və xarici maliyyə - kredit qurumlarından kredit, qrant almaq;

1.2. öz üzvlərinə nizamnamədə göstərilən qaydada kreditlər vermək;

1.3. sərbəst pul vəsaitini banklara, digər kredit İttifaqlarına depozitə qoymaq, habelə dövlət qiymətli kağızlarının alınmasını sərf etmək.[1]

2. Kredit ittifaqları Azərbaycan Respublikasının vergi və digər qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri həyata keçirirlər.[2]

 

Maddə 5. Dövlət və kredit İttifaqları  

1. Dövlət kredit ittifaqlarının yaradılması və fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər görür.

2. Təsis yığıncağından sonra Kredit İttifaqı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçirilir.

3. Kredit İttifaqı qanunvericilikdə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadıqda o, təsis edilməmiş hesab olunur və paylar 15 gün ərzində geri qaytarılır.

4. Kredit İttifaqı dövlət qeydiyyatına alınmadıqda təsisçilər məhkəməyə müraciət edə bilər. Bu halda payların geri qaytarılma müddəti məhkəmənin qərarına qədər uzadıla bilər.

5. Dövlət Kredit İttifaqının öhdəliklərinə, Kredit İttifaqı isə dövlətin öhdəliklərinə cavabdeh deyildir.

6. Dövlət Kredit İttifaqlarının və onun üzvlərinin qanuni hüquqlarının və mənafelərinin müdafiəsinə təminat verir.

7. Kredit İttifaqına dövlət hakimiyyəti orqanlarının hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərər həmin orqanlar tərəfindən ödənilir.

8. Kredit İttifaqı bank əməliyyatı aparmaq üçün qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyə bazarlarına nəzarət orqanından xüsusi razılıq almalıdır.[3]

9. Maliyyə bazarlarına nəzarət orqanı xüsusi razılıq verməkdən imtina etdikdə, onu əsaslandırmalıdır. Xüsusi razılıq verilməsindən imtinaya, təsisçilərin ərizəsinə əsasən məhkəmədə baxıla bilər.[4]

10. Maliyyə bazarlarına nəzarət orqanı Kredit İttifaqına iqtisadi tənzimləmə normativləri və idarə heyəti üzvlərinin peşə yararlığına dair tələblər müəyyən edə və sanksiyalar tətbiq edə bilər:

10.1. aşkar olunmuş pozuntuların aradan qaldırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini tələb etmək;

10.2. xüsusi razılığı dayandırmaq və ya ləğv etmək.

  II fəsil Kredİt İttİfaqının yaradılması və Kredİt İttİfaqına üzvlük

 

Maddə 6. Kredit İttifaqının yaradılması  

1. Kredit İttifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir.

2. Kredit İttifaqının təsis yığıncağı Kredit İttifaqının yaradılması barədə qərar qəbul edir, nizamnaməni təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir.

 

Maddə 7. Kredit İttifaqının nizamnaməsi  

1.  Kredit İttifaqının nizamnaməsində aşağıdakılar göstərilir:

1.1. Kredit İttifaqının adı və ünvanı;

1.2. Kredit İttifaqının məqsədi, fəaliyyət predmeti;

1.3. Kredit İttifaqının üzvlüyünə qəbul və üzvlükdən çıxmaq qaydaları, həmçinin üzvlükdən çıxarılmaq üçün əsaslar;

1.4. üzvlərin hüquqları, vəzifələri və məsuliyyəti;

1.5. kredit ittifaqları idarəetmə orqanlarının səlahiyyət müddətləri;

1.6. növbədənkənar ümumi yığıncaq çağırılması qaydaları;

1.7. üzvlər tərəfindən Kredit İttifaqına dəyən zərərin ödənilməsi qaydaları;

1.8. Kredit İttifaqına minimum pay məbləği, ödənilmə qaydası, müddəti və onun pozulmasına görə məsuliyyət;

1.9. Kredit İttifaqının əmlakının yaranması və gəlirlərin istifadəsi;

1.10. üzvlərin kredit almaq şərtləri və qaydaları;

1.11. Kredit İttifaqının idarəetmə və nəzarət orqanları, onların səlahiyyətləri, yaradılma və qərar qəbul etmə qaydaları;

1.12. Kredit İttifaqı fondlarının yaradılması;

1.13. Kredit İttifaqının fəaliyyətinin dayandırılması və ləğvi qaydaları;

1.14. üzvlüyə xitam verildikdə payın geri alınma qaydaları;

1.15. nizamnamədə kredit ittifaqlarının fəaliyyəti ilə bağlı olan və qanunvericiliyə zidd olmayan digər məsələlər də nəzərdə tutula bilər.

 

Maddə 8. Kredit ittifaqları birliyi  

Kredit İttifaqları öz üzvlərinin mənafeyini qorumaq, onların fəaliyyətini əlaqələndirmək, regionlararası və beynəlxalq əlaqələrin inkişafını təmin etmək və digər birgə məsələlərin həllinə kömək etmək üçün birliklər yarada bilərlər.

 

Maddə 9. Kredit İttifaqına üzvlük  

1. Kredit İttifaqı təsisçilərinin sayı 11-dən az olmamalıdır. Üzvlərin sayı azaldıqda Kredit İttifaqı 10 gün müddətində maliyyə bazarlarına nəzarət orqanına məlumat verməklə ən geci üç ay ərzində üzvlərin sayını 11-ə çatdırmalıdır. Bu müddətdə minimum say bərpa olunmazsa xüsusi razılıq geri alınır.[5]

2. Kredit İttifaqı qeydiyyatdan keçdikdən sonra ona yeni üzvlərin qəbulu bu Qanunda müəyyən olunmuş qaydada aparılır.

3. Kredit İttifaqının üzvü olmaq istəyən şəxs Kredit İttifaqının idarə heyətinə ərizə ilə müraciət edir və nizamnaməyə əməl edəcəyini öhdəsinə götürür. İdarə heyətinin qərarından sonra ərizə verən şəxs üzv hesab olunur.

4. Kredit İttifaqının üzvünə onun üzvlüyünü və payının həcmini təsdiq edən sənəd verilir.

 

Maddə 10. Kredit ittifaqı üzvlərinin hüquqları, vəzifələri və məsuliyyəti  

1. Kredit İttifaqının üzvü aşağıdakı hüquqlara malikdir:

1.1. Kredit İttifaqının xidmətlərindən istifadə etmək;

1.2. Kredit İttifaqının iclasında, idarə edilməsində iştirak etmək, onun idarəetmə və nəzarət orqanlarına seçilmək və seçmək;

1.3. Kredit İttifaqının nizamnaməsində və digər normativ sənədlərdə nəzərdə tutulan şərtlərə və qaydalara uyğun kredit almaq;

1.4. öz payını Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq nizamnamədə nəzərdə tutulmuş qaydada özgəninkiləşdirmək;

1.5. Kredit İttifaqının vəzifəli şəxslərindən ittifaqın fəaliyyəti haqqında lazımi informasiya almaq;

1.6. nizamnamədə nəzərdə tutulmuş qaydada öz payını son haqq-hesabla birlikdə geri almaq və üzvlükdən çıxmaq;

1.7. nizamnamədə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək;

1.8. ümumi yığıncağın və idarə heyətinin qərarından məhkəməyə şikayət etmək;

2. Kredit İttifaqı üzvünün vəzifələri aşağıdakılardır:

2.1. payı nizamnamədə nəzərdə tutulmuş qaydada və vaxtında ödəmək;

2.2. nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş tələblərə və qaydalara riayət etmək;

2.3. kredit alarkən onun məqsədli təyinatı haqqında dürüst məlumat vermək;

2.4. aldığı borcu vaxtında və müqavilə şərtlərinə müvafiq qaytarmaq;

2.5. Kredit İttifaqının idarəetmə və nəzarət orqanlarının öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərarı yerinə yetirmək;

2.6. başqa Kredit İttifaqının üzvü olmamaq.

3. Kredit İttifaqı üzvlərinin məsuliyyəti:

3.1. Kredit İttifaqı öz öhdəliklərinə malik olduğu əmlak hədlərində məsuliyyət daşıyır və öz üzvlərinin Kredit İttifaqının fəaliyyəti ilə əlaqədar olmayan öhdəliklərinə görə məsuliyyət daşımır. Kredit İttifaqının üzvləri Kredit İttifaqı qarşısında öhdəliklərinə görə bütün əmlakı ilə məsuliyyət daşıyırlar.

 

Maddə 11. Kredit İttifaqının üzvlüyünə xitam verilməsi  

1. Kredit İttifaqının üzvlüyünə aşağıdakı hallarda xitam verilə bilər:

1.1. payçı üzvlükdən nizamnamədə müəyyənləşdirilən qaydada xaric edildikdə;

1.2. payçı üzvlükdən könüllü çıxdıqda;

1.3. Kredit İttifaqı ləğv olunduqda.

2. Kredit İttifaqının üzvü könüllü olaraq üzvlükdən çıxdıqda ən azı 3 ay əvvəl idarə heyətinə ərizə ilə müraciət etməlidir.

3. Kredit İttifaqının üzvü idarə heyətinin qərarı ilə üzvlükdən çıxarıldıqda və bu qərarla razılaşmadıqda müşahidə şurasına və ümumi yığıncağa müraciət edə bilər. Ümumi yığıncağın qərarı ilə razılaşmadıqda isə məhkəməyə müraciət edə bilər.

4. Kredit İttifaqının üzvü vəfat etdikdə qanun üzrə vərəsə onu əvəz edə bilər və ya ona çatacaq payı ala bilər.

  III fəsil Kredİt İttİfaqının İdarə edİlməsİ və fəalİyyətİnə nəzarət

 

Maddə 12. Kredit İttifaqının idarə edilməsi  

1. Kredit İttifaqı üzvlərin ümumi yığıncağı, müşahidə şurası, idarə heyəti və kredit komissiyası tərəfindən idarə olunur.

2. Kredit İttifaqının ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Növbəti ümumi yığıncaq nizamnamədə müəyyən olunmuş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Növbədən kənar ümumi yığıncağın çağırılması qaydaları nizamnamə ilə müəyyən olunur. İdarə heyəti ümumi yığıncağın çağırılmasını, iclasa ən azı 20 gün qalmış elan edir.

3. Aşağıdakı məsələlərə baxılması və qərar qəbul olunması ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir:

3.1. nizamnamənin qəbul olunması, ona əlavələr və dəyişikliklər edilməsi;

3.2. üzvlüyə qəbul və üzvlüyə xitam verilməsi qaydalarının müəyyən edilməsi;

3.3. müşahidə şurasının, idarə heyətinin, idarə heyəti sədrinin, kredit komissiyasının seçilməsi, onların hesabatlarının dinlənilməsi və səlahiyyətinə xitam verilməsi;

3.4. illik hesabatın və balansın təsdiqi;

3.5. payların və digər ödənişlərin həmçinin və ödənilmə qaydalarının müəyyən edilməsi;

3.6. Kredit İttifaqı mənfəətinin bölgüsü və istifadəsi qaydalarının müəyyən edilməsi;

3.7. kreditin verilməsi şərtlərinin və qaydalarının müəyyən edilməsi;

3.8. Kredit İttifaqının fondlarının yaradılması və istifadəsi qaydalarının müəyyən edilməsi;

3.9. zərərin ödənilməsi qaydalarının, inzibati idarə xərcləri limitinin müəyyən edilməsi;

3.10. Kredit İttifaqının Kredit İttifaqları Birliyinə daxil olması və ondan çıxması;

3.11. Kredit İttifaqının yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi;

3.12. audit aparılması və auditor seçilməsi haqqında qərar qəbul olunması;

3.13. nizamnaməyə görə Kredit İttifaqının fəaliyyətinə aid olan digər məsələlərin həlli.

4. Üzvlərin 51 faizi iştirak etdikdə ümumi yığıncaq səlahiyyətli sayılır.

Ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olan məsələlər barədə qərar ümumi yığıncaqda iştirak edən üzvlərin azı üçdə ikisi səs verdikdə, qalan məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda iclasın sədrinin səsi həlledici olur.

5. Ümumi yığıncaqda qərar nizamnamədə nəzərdə tutulmuş qaydada açıq və ya gizli səsvermə ilə qəbul oluna bilər.

 

Maddə 13. Kredit İttifaqının fəaliyyətinə nəzarət  

1. Kredit İttifaqının fəaliyyətinə nəzarəti həyata keçirmək üçün ümumi yığıncaqda ittifaqın üzvlərindən müşahidə şurası seçilir. Müşahidə şurasının tərkibi 3 nəfərdən az ola bilməz.

2. Müşahidə şurasının üzvü idarə heyətinin və kredit komissiyasının üzvü ola bilməz.

3. Müşahidə şurası:

3.1. Ümumi yığıncağın qərarlarının icrasına nəzarət edir;

3.2. Kredit İttifaqının, idarə heyətinin və kredit komissiyasının fəaliyyətini təhlil edir, maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir;

3.3. idarə heyətinin və kredit komissiyasının hesabatını, illik balansı öz rəyi ilə birlikdə ümumi yığıncağa təqdim edir;

3.4. idarə heyətinin və kredit komissiyasının fəaliyyətlərində olan nöqsanların aradan qaldırılması, qanunsuz qəbul olunan qərarların ləğvi üçün xəbərdarlıq edir, yaxud bu barədə ümumi yığıncağa məlumat verir;

3.5. idarə heyətindən və kredit komissiyasından şikayətlərə baxır;

3.6. nizamnamədə nəzərdə tutulan digər funksiyaları yerinə yetirir.

4. Müşahidə Şurasının üzvlərindən biri auditorluq təcrübəsinə malik olmalıdır. Müvafiq təcrübəyə malik üzv olmadıqda müqavilə ilə auditor cəlb oluna bilər.

 

Maddə 14. Kredit İttifaqının fəaliyyətinə rəhbərlik  

1. Ümumi yığıncaqlar arasındakı dövrdə Kredit İttifaqının fəaliyyətinə ümumi yığıncaqda seçilən idarə heyəti və idarə heyətinin sədri rəhbərlik edir. İdarə heyətinin üzvü müşahidə şurasının və kredit komissiyasının üzvü ola bilməz.

2. İdarə heyətinin üzvlərinin sayı, seçilmə müddəti, idarə heyətinin, onun üzvlərinin və sədrin hüququ, vəzifəsi və səlahiyyəti nizamnamə ilə müəyyən olunur. İdarə heyətinin tərkibi 3 nəfərdən az olmamalıdır.

3. İdarə heyəti:

3.1. nizamnamə ilə müəyyən edilmiş qaydada Kredit İttifaqına yeni üzvlərin qəbul edilməsi və üzvlükdən azad edilməsi məsələlərinə baxır;

3.2. Kredit İttifaqını məhkəmədə və üçüncü şəxslərlə münasibətdə təmsil edir;

3.3. ümumi yığıncağın keçirilməsini təşkil edir;

3.4. Kredit İttifaqının adından işə cəlb olunanlarla əmək müqaviləsi bağlayır, öz üzvləri və üçüncü şəxslərlə mülki sövdələşmələr aparır;

3.5. kredit komissiyalarının rəyi əsasında kredit verir;

3.6. mühasibat balansının və digər maliyyə hesabatlarını hazırlayır;

3.7. nizamnamədə nəzərdə tutulan digər funksiyaları yerinə yetirir.

4. İdarə heyətinin üzvlərinin əmək haqqı nizamnamədə nəzərdə tutulmuş qaydada müəyyən olunur.

 

Maddə 15. Kreditin verilməsi  

1. Kredit verilməsi haqqında qərarı kredit komissiyasının rəyi əsasında idarə heyəti qəbul edir.

Azı üç nəfərdən ibarət kredit komissiyası ümumi yığıncaqda Kredit İttifaqının üzvlərindən seçilir. Kredit komissiyasının səlahiyyəti müddəti, vəzifələri, hüquqları və məsuliyyəti nizamnamə ilə müəyyən olunur.

2. Kredit komissiyasının üzvü idarə heyətinin və müşahidə şurasının üzvü ola bilməz.

3. Kredit komissiyası üzvlərin kredit almaq haqqında ərizələrinə baxır, kreditin verilməsi və qaytarılması şərtlərini müəyyənləşdirir və bu məsələlər üzrə idarə heyətinə təkliflər verir. İdarə heyəti kredit komissiyasının rəyi olmadan üzvlərlə kredit müqaviləsi bağlaya bilməz.

4. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada kreditə təminat tələb oluna bilər.

5. Kredit komissiyası kreditlərə faiz dərəcəsini müəyyənləşdirmək üçün ümumi yığıncağa təkliflər verə bilər.

6. Kredit komissiyası ildə bir dəfə öz fəaliyyəti barədə ümumi yığıncağa hesabat verir.

 

Maddə 16. Müşahidə şurasının, idarə heyətinin və kredit komissiyasının məsuliyyəti  

Müşahidə şurasının, idarə heyətinin və kredit komissiyasının üzvləri öz hərəkətləri (hərəkətsizliyi) ilə Kredit İttifaqına vurduğu zərərə görə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 17. Kredit İttifaqlarında vergitutma qaydası, uçot və hesabat  

1. Kredit İttifaqlarında vergitutma qaydası Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunur.

2. Kredit İttifaqlarında mühasibat uçotu qaydaları, hesabatın xarakteri, strukturu və təqdim edilmə müddətləri qanunvericiliyə uyğun olaraqmaliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.[6]

  IV fəsil Kredİt İttİfaqının fondları

 

Maddə 18. Nizamnamə kapitalı  

1. Kredit İttifaqının nizamnamə kapitalı üzvlərin paylarından formalaşır.

2. Kredit İttifaqı nizamnamə kapitalının minimum məbləği maliyyə bazarlarına nəzarət orqanı tərəfindən, üzvlərin payının həcmi, ödənilmə qaydası və qaydanın pozulmasına görə məsuliyyət isə nizamnamə ilə müəyyən olunur.

3. Nizamnamə kapitalı qarşılıqlı kreditləşmə məqsədi ilə istifadə olunur. Ümumi yığıncağın qərarı ilə nizamnamə kapitalından Kredit İttifaqının fəaliyyətə başlaması üçün zəruri olan bina, avadanlıq və inventar əldə olunmasına vəsait yönəldilə bilər.

4. Nizamnamə kapitalının formalaşması üçün Kredit İttifaqının aldığı borcdan istifadə olunması qadağandır.

5. Kredit İttifaqının üzvləri öz paylarını yalnız üzvlükdən çıxarkən geri götürə bilərlər.

 

Maddə 19. Ehtiyat fondu  

1. Kredit İttifaqına fəaliyyəti nəticəsində dəyən zərəri ödəmək məqsədi ilə xüsusi ehtiyat fondu yaradılır.

2. Ehtiyat fondu qanunvericiliklə nəzərdə tutulmuş qaydada formalaşır.

 

Maddə 20. Qarşılıqlı kredit fondu  

1. Kredit İttifaqı kredit vermə mənbəyi olan qarşılıqlı kredit fondu yaradır. Qarşılıqlı kredit fondu nizamnamə kapitalı, Kredit İttifaqının mənfəətindən, habelə bu Qanuna müvafiq digər mənbələrdən cəlb olunmuş vəsaitlər hesabına formalaşır. Bu fondun vəsaitlərindən yalnız üzvlərə kredit verilməsi üçün istifadə olunur.

2. Kredit fondundan verilən kreditin məbləği kredit alan üzvün payının 10 mislindən və qarşılıqlı kredit fondu vəsaitlərinin 10 faizindən çox ola bilməz.

  V fəsil Kredİt İttİfaqının ləğvİ, yenİdən təşkİlİ və mübahİsələrə baxılma

 

Maddə 21. Kredit İttifaqının ləğvi  

1. Kredit İttifaqının ləğvi üçün əsaslar:

1.1. Kredit İttifaqının ləğvi haqqında ümumi yığıncağın qərarı.

1.2. Kredit İttifaqı üzvlərinin minimum sayının və minimum nizamnamə kapitalının azalması;

1.3. müflis olmuş Kredit İttifaqının ləğvi haqqında məhkəmənin qüvvəyə minmiş qərarı;

1.4. Azərbaycan Respublikası qanunlarının pozulmasına görə Kredit İttifaqının ləğv olunması haqqında məhkəmənin qüvvəyə minmiş qərarı;

2. Ləğvetmə haqqında qərar qəbul edən orqan ləğvetmə komissiyası yaradır və idarə heyətinin funksiyası ləğvetmə komissiyasına verilir.

3. Kredit İttifaqının ləğvi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada həyata keçirilir. Kredit İttifaqı ləğvi olunduqda paylar və onlara mütənasib olaraq hesablanmış gəlirlər Kredit İttifaqının bütün öhdəlikləri yerinə yetirildikdən sonra üzvlər arasında bölüşdürülür.

 

Maddə 22. Kredit İttifaqının yenidən təşkili  

1. Kredit İttifaqı qanunvericilikdə nəzərdə tutulan qaydada yenidən təşkil edilə bilər. Yenidən təşkil edilən Kredit İttifaqının tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması, habelə bölünməsi, birləşməsi formasında ümumi yığıncağın qərarı ilə həyata keçirilir.

2. Kredit İttifaqlarının yenidən təşkili üçün idarə heyəti tərəfindən layihə hazırlanır. Layihəyə müstəqil auditor tərəfindən rəy verilir.

3. Yenidən təşkil edilmə layihəsində aşağıdakı məlumatlar verilir:

3.1. Kredit İttifaqının adı və ünvanı;

3.2. üzvlərin sayı;

3.3. nizamnamə kapitalı;

3.4. verilən kreditlərin və əmlakın qiymətləndirilməsi;

3.5. öhdəliklərin varislik şərtləri və müddəti;

3.6. yenidən təşkil edildikdən sonra fəaliyyət göstərəcək Kredit İttifaqında üzvlərin paylarına sərəncam vermək meyarları və qaydaları;

3.7. yenidən təşkil edilmə ərəfəsində və sonra qarşılıqlı kredit verilməsi meyarları;

3.8. yenidən təşkil edildikdən sonra üzvlərin digər əmlak və qeyri-əmlak hüquqları və vəzifələri, bu hüquq və vəzifələrin qüvvəyə minməsi müddəti.

4. Yenidən təşkil edilmə layihəsi ilə yanaşı yenidən yaradılmadan sonra fəaliyyət göstərən hər bir Kredit İttifaqının nizamnaməsi hazırlanır.

5. Yenidən təşkil edilmə haqqında hər bir üzvə ən azı 20 gün əvvəldən yazılı məlumatlar verilir və hər bir üzv yenidən təşkil edilmə layihəsi ilə tanış ola bilər.

6. Yenidən təşkil edilmiş Kredit İttifaqı bu Qanunun tələblərinə uyğun olaraq bank fəaliyyəti üçün xüsusi razılıq almalıdır.

  Maddə 23. Mübahisələrə baxılma  

Kredit İttifaqının üzvləri və üzvlərlə idarəetmə orqanları arasında yaranan mübahisələrə ümumi yığıncaqda baxılır. Tərəflər arasında qarşılıqlı razılıq əldə olunmadıqda həmin mübahisəyə aidiyyatı üzrə məhkəmədə baxılır.

  Maddə 24. Yekun müddəalar  

1. Bu Qanun qüvvəyə mindiyi tarixədək yaradılmış Kredit İttifaqları bu Qanunun müddəalarına uyğun olaraq fəaliyyət göstərirlər.

2. Bu Qanun qüvvəyə mindiyi tarixədək Kredit İttifaqlarına bank fəaliyyəti üçün verilmiş xüsusi razılıq onlarda göstərilən müddət ərzində qüvvədə qalır.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 2 may 2000-ci il

               №– 876-IQ

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 noyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 11, maddə 683)

2.       30 sentyabr 2010-cu il tarixli 1081-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2010-cu il, №– 229, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, №–10, maddə 839)

4 mart 2016-cı il tarixli 142-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 30 sentyabr 2010-cu il tarixli 1081-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2010-cu il, №– 229, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, №–10, maddə 839) ilə 4-cü maddəsinin 1.3-cü bəndindən “, digər Kredit İttifaqlarına” sözləri çıxarılmışdır.

 

[2] 23 noyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 11, maddə 683) ilə 4-cü maddənin adında "hüquqları" sözü "hüquqları və vəzifələri" sözləri ilə əvəz edilmiş və maddəyə 2-ci bənd əlavə edilmişdir.

 

[3] 4 mart 2016-cı il tarixli 142-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57) ilə 5-ci maddənin 8-ci hissəsində “qaydada” sözündən sonra “maliyyə bazarlarına nəzarət orqanından” sözləri əlavə edilmişdir.

 

[4] 4 mart 2016-cı il tarixli 142-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57) ilə 5-ci maddənin 9-cu və 10-cu hissələrində “Bank fəaliyyətinə xüsusi razılıq verən orqan” sözləri “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.

 

[5] 4 mart 2016-cı il tarixli 142-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57) ilə 9-cu maddənin 1-ci hissəsində “bank fəaliyyəti üçün xüsusi razılıq verən orqana” sözləri “maliyyə bazarlarına nəzarət orqanına” sözləri ilə əvəz edilmişdir.

 

[6] 4 mart 2016-cı il tarixli 142-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57) ilə 17-ci maddənin 2-ci hissəsində və 18-ci maddənin 2-ci hissəsində “bank fəaliyyətinə xüsusi razılıq verən orqan” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top