I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və (və ya) toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

  •  
    • insan orqan və (və ya) toxumalarının transplantasiyası (bundan sonra - transplantasiya) - insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsi;
    • insan orqan və (və ya) toxumaları - şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahidi;
    • donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxs;
    • resipiyent - müalicə məqsədi ilə orqan və (və ya) toxumalar köçürülən şəxs.

Maddə 2. Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı

Ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.

Bu Qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir.

Maddə 3. Transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə bu Qanunun müddəalarından fərqli müddəalar müəyyən olunarsa, həmin dövlətlərarası müqavilələr tətbiq edilir.

Maddə 4. Transplantasiyanın qaydaları və şərtləri

Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.

Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən edilir.

Maddə 5. Donor həddinin müəyyən edilməsi

Digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsilə insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə donordan orqan və (və ya) toxumaların transplantasiyasına yol verilir.

Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi qadağandır.

Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi qadağandır.

Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yolverilməzdir.

Donordan orqan və (və ya) toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir.

Hər hansı şəxsi orqan və (və ya) toxumaların götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 6. Orqan və (və ya) toxumaların götürülməsini, hazırlanmasını (konservasiyasını) və saxlanmasını həyata keçirən tibb müəssisələri

Orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində aparılır.

Transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların köçürülməsi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır.

Orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 7. Transplantasiya barədə tibbi qərar

Transplantasiyanın zəruriliyi barədə tibbi qərar müvafiq tibb müəssisəsində müalicə həkimi, cərrah, anestezioloq və lazım gələrsə, digər mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qəbul edilir.

Maddə 8. Transplantasiyaya resipiyentin razılığı

Transplantasiya yalnız resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyətla bağlı gözlənilən ağırlaşmalar haqqında ona məlumat verilir.

Resipiyent 18 yaşına çatmamışsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir.

Resipiyentin həyatı təhlükədə olarsa, istisna hal kimi onun özünün, valideynlərinin və qanuni nümayəndəsinin razılığı alınmaya bilər.

II fəsil. Transplantasiya məqsədi ilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi

Maddə 9. Transplantasiya məqsədi ilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi

Şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədi ilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər.

Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir.

Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.

Maddə 10. Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi vaxtının müəyyən edilməsi

Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yalnız həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını («beyin ölümünün») təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər.

Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Maddə 11. Meyitdən orqan və (və ya) toxumaların götürülməsinə icazə verilməsi

Meyitdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə bu Qanunun 9-cu və 10-cu maddələrinin tələbləri əsasında tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir.

Meyitin məhkəmə-tibb ekspertizası zəruridirsə, məhkəmə-tibb eksperti orqan və (və ya) toxumaların götürülməsinə icazə verməyə bilər.

III fəsil. Transplantasiya məqsədi ilə donordan orqan və (və ya) toxumaların götürülməsi

Maddə 12. Donordan orqan və (və ya) toxumaların götürülməsi şərtləri

Donordan orqan və (və ya) toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

  •  
    • donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır;
    • donor kənar təsirlər olmadan orqan və (və ya) toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir;
    • donorun hərtərəfli tibbi müayinədən keçməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və (və ya) toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır;
    • orqan və (və ya) toxumalarının götürülməsi nəzərdə tutulan donorun resipiyentlə genetik uyarlığı müəyyən olunmalıdır (sümük iliyindən başqa).

Maddə 13. Donorun hüquq və vəzifələri

Donorun hüquqları aşağıdakılardır:

  •  
    • orqan və (və ya) toxumaların götürülməsi nəzərdə tutulan tibb müəssisəsindən planlaşdırılan tibbi əməliyyatla bağlı gözlənilən ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq;
    • bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müalicə və reabilitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə pulsuz təmin olunmaq;
    • donorluqla əlaqədar əlil və ya sağlamlıq imkanları məhdud olarsa, qanunvericiliyə uyğun olaraq pensiya almaq.

Orqan və (və ya) toxumalarının köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.

Maddə 14. Donordan orqan və toxumaların götürülməsinə məhdudiyyət

Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və (və ya) toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.

IV fəsil. Tibb müəssisələrinin və tibb işçilərinin məsuliyyəti

Maddə 15. Donor və resipiyent haqqında məlumatların yayılmasına görə məsuliyyət

Donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağandır.

Bu məlumatları yayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 16. Transplantasiyanın reklamı

Transplantasiyaya aid reklama qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilir.

Maddə 17. İnsan orqan və (və ya) toxumalarının alqı-satqısının yolverilməzliyi

İnsan orqan və (və ya) toxumaları alqı-satqı obyekti ola bilməz. Onların alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qanunun bu müddəaları toxuma komponentlərindən hazırlanmış köçürmə materiallarına və preparatlara şamil edilmir.

Maddə 18. Tibb müəssisələrinin məsuliyyəti

Transplantasiya zamanı orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları pozularsa və bununla əlaqədar donorun və resipiyentin sağlamlığına zərər vurularsa, müvafiq tibb müəssisəsi qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 28 oktyabr 1999-cu il

№– 726-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 yanvar 2000-ci il, №– 16).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2000-ci il, №– 1, maddə 5).

15 noyabr 2001-ci il tarixli, 214-IIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top