I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Torpaq bazarı haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında torpaq bazarının təşkilinin və torpaq bazarında iqtisadi və hüquqi münasibətlərin tənzimlənməsinin əsaslarını müəyyən edir:

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

    • torpaq bazarı — torpaq dövriyyəsi proseslərində torpaq sahələrinin alqı-satqısı, girov qoyulması, bağışlanması, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişməsi ilə bağlı dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər arasında yaranan iqtisadi və hüquqi münasibətlər;
    • torpaq sahələrinin dövriyyəsi — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dəyişməsi, torpaqların bir kateqoriyadan digərinə keçməsi və kateqoriyalar daxilində transformasiyası.

Maddə 2. Torpaq bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Torpaq bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə torpaq bazarı münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

Maddə 3. Torpaq bazarı haqqında qanunvericiliyin məqsəd və vəzifələri

Torpaq bazarı haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasında torpaq bazarı münasibətlərinin ümumi qaydalarını müəyyənləşdirmək və torpaq üzərində mülkiyyət hüquqlarının müdafiəsini təmin etməkdir.

Torpaq bazarı haqqında qanunvericiliyin vəzifələri torpaq bazarının təşkilinə, bazarda subyektlərin maraqlarının uzlaşmasına və hüquqlarının reallaşmasına zəmin yaratmaqdır.

Maddə 4. Torpaq bazarının obyektləri və subyektləri

Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar torpaq bazarının obyekti ola bilər:

    • xüsusi mülkiyyətdə olan torpaqlar;
    • bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları;
    • ipoteka haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə ipoteka predmeti sayılan torpaq sahələri;
    • özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri;
    • dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları.
    • bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.

Torpaq bazarının subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər, təşkilatlar və xarici dövlətlərdir.

Azərbaycan Respublikası adından torpaq bazarında müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində iştirak edirlər.

Bələdiyyələr, torpaq bazarında Azərbaycan Respublikasının qanunvericilik aktları ilə bələdiyyələrə verilən səlahiyyətlər daxilində iştirak edirlər.

Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları torpaq bazarında mülkiyyətçi, istifadəçi, icarəçi, girovqoyan, girovsaxlayan, alıcı, satıcı və digər əqdlərin iştirakçısı ola bilərlər.

Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər, təşkilatlar və xarici dövlətlər torpağın mülkiyyətə alınması istisna olmaqla, torpaq bazarında qanunvericiliklə müəyyənləşdirilən səlahiyyətləri daxilində digər əqdlər bağlaya bilərlər.

Maddə 5. Torpaq bazarı əqdlərinin formaları

Torpaq bazarında aşağıdakı əqdlər həyata keçirilir:

    • torpaq sahələrinin alqı-satqısı;
    • torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi;
    • torpaq sahəsinin girovu (ipotekası);
    • torpaq sahəsinin dəyişdirilməsi;
    • torpaq sahəsinin bağışlanması;
    • torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi;
    • torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi;
    • torpaq sahəsinin rentası və qanunla nəzərdə tutulmuş digər əqdlər.

II fəsil. Torpaq bazarının təşkili

Maddə 6. Torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin əsas prinsipləri

Torpaq bazarının təşkili sahəsində dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

    • torpaq bazarının sistemli qaydada təşkil edilməsi;
    • torpaq əqdlərinin və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dövlət qeydiyyatının məcburiliyi;
    • torpaq bazarı haqqında məlumatların əldə edilməsində bazar subyektlərinin hüquq bərabərliyinin təmin olunması;
    • torpaq bazarında bağlanmış əqdlərə görə rüsumların ödəniş qaydasının tətbiqi;
    • inzibati-ərazi vahidi daxilində xüsusi mülkiyyətçilərin torpaq inhisarçısına çevrilməsinə yol verilməməsi.

Maddə 7. Torpaq bazarının təşkili sahəsində dövlətin vəzifələri

Torpaq bazarının təşkili sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

    • dövlətin aqrar siyasətinin həyata keçirilməsi;
    • torpaq hərraclarının və müsabiqələrinin təşkili qaydalarına dair normativ-hüquqi sənədlərin işlənilməsi və təsdiq edilməsi;
    • torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları üzrə əqdlərin sənədləşdirilməsi üçün əsasnamələrin və nümunəvi müqavilələrin hazırlanması və təsdiqi;
    • torpaq bazarı subyektlərinin hüquq və vəzifələrinin əhali arasında geniş formada təbliğ olunması;
    • torpaq bazarını səciyyələndirən rəsmi məlumatların müntəzəm toplanması, xüsusi bülletenlər və kütləvi informasiya vasitələri ilə aşkarlanması;
    • torpaq bazarında bağlanmış əqdlərin və torpaq üzərində hüquqların dövlət qeydiyyatı və sənədləşdirilməsi;
    • torpaq əqdləri ilə bağlı dövlət rüsumlarının hədlərinin və onların ödənilməsi qaydalarının müəyyən edilməsi;
    • inzibati-ərazi vahidləri üzrə yerli şərait nəzərə alınmaqla xüsusi mülkiyyətçinin əldə edə biləcək torpaq sahəsinin yuxarı həddinin müəyyən edilməsi;
    • Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr.

Maddə 8. Torpaq bazarının ümumi qaydaları

Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

Torpaq bazarı münasibətləri ilə əlaqədar əqdlər torpaq mülkiyyətçilərinin və istifadəçilərinin son əqd bağlananadək qəbul etdikləri öhdəliklər nəzərə alınmaqla bağlanılır.

Torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqısı torpaqların məqsədli təyinatını və hüquqi rejimini, ərazinin şəhərsalma sənədləri əsasında inkişaf perspektivlərini nəzərə almaqla həyata keçirilir.

Şəhərsalma, ekoloji və sosial tələblər baxımından sökülməsi və ya yaşayış məntəqəsi hüdudlarından kənara çıxarılması planlaşdırılan dövlət mülkiyyətindəki obyektlərin altında olan torpaqların satışına icazə verilmir. Belə obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin özəlləşdirdikləri obyektlərin yerləşdiyi torpaqların və ya sahibkarlıq fəaliyyəti məqsədi ilə dövlətdən normativ və güzəştli qiymətlərlə aldıqları qeyri-kənd təsərrüfatı torpaqlarının özgəninkiləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilə bilər. Torpaq bazarında bağlanan əqdlər torpaq və mülki qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdirilir.

III fəsil. Torpaq bazarının tənzimlənməsi

Maddə 9. Bələdiyyə torpaqlarının və onlar üzərində icarə hüquqlarının alqı-satqısı

Bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir.

Bələdiyyənin ehtiyat fondunun bazar obyektinə aid olan torpaqları barədə alqı-satqı əqdləri yerli normativlər nəzərə alınmaqla və aşkarlıq şəraitində bağlanılır.

Xüsusi şəhərsalma əhəmiyyətinə malik bələdiyyə torpaqları layihələrlə birlikdə yaxud onlardan ayrı, bir qayda olaraq, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satılır.

Ərazi planlaşdırılması əsasında yaşayış məntəqəsinin infrastrukturu sahələrinin yaradılması üçün nəzərdə tutulan torpaqların, habelə onlardan istifadə və icarə hüquqlarının alqı-satqısı, bir qayda olaraq, torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilir.

Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir:

    • bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;
    • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə;
    • yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
    • sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə;
    • müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;
    • müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.

Fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələrinə dair müqavilə bağlanılır.

Bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri , bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yer göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatlar dərc edirlər.

Maddə 10. Xüsusi mülkiyyətdə olan torpaqların alqı-satqısı

Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir.

Torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqı müqavilələri Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərinə əməl edilməklə bağlanılır.

Maddə 11. Torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi

Xüsusi mülkiyyətdə olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə (pay) fonduna mülkiyyət və istifadə hüququ formalarında verilir.

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi nizamnamə (pay) fonduna yalnız istifadə hüququ əsasında verilə bilər.

Torpaq istifadəçiləri, mülkiyyətçilərin razılığı ilə torpaqdan istifadə hüququnu nizamnamə (pay) fonduna yalnız müvəqqəti verə bilərlər.

Nizamnamə (pay) fonduna verilən torpaq sahəsi və ya bu sahə üzərindəki hüquqlar üzrə müqavilə iştirakçılarının mülkiyyət münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr müəyyən edirlər.

Maddə 12. Girov qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətləri

Girovsaxlayan, girovqoyanın öz öhdəliyini yerinə yetirmədiyi halda, girov qoyulmuş torpaq sahəsini bilavasitə, hərrac və ya müsabiqə yolu ilə sata, bağışlaya, dəyişdirə və torpaq bazarında digər əqdlər bağlaya bilər.

Girovsaxlayan, xarici hüquqi və ya fiziki şəxs olduqda ipoteka müqaviləsində, girovla təmin edilmiş öhdəlik icra edilmədikdə, girov qoyulmuş torpaq sahəsinin ən geci bir il ərzində məcburi satılacağı barədə müddəa əks etdirilməlidir.

Qanunvericilikdə və girov müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, girov qoyulmuş torpaqların torpaq bazarına çıxarılması bu Qanunla müəyyən olunmuş qaydalarla tənzimlənir.

Maddə 13. Torpaq sahəsinin dəyişdirilməsi, bağışlanması və vərəsəlik qaydasında başqasına keçməsi

Hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrinin mülkiyyət, dövlət və bələdiyyə torpaqlarının isə istifadə və icarə hüquqlarının dəyişdirilməsi, bağışlanması və vərəsəlik qaydasında başqasına keçməsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 14. Torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi

Torpaq sahəsi üzərində istifadə və icarə hüquqları başqasına alqı-satqı, nizamnamə (pay) fonduna verilmə, girov qoyulma (ipoteka), dəyişmə, bağışlanma və vərəsəlik qaydalarında keçə bilər.

Torpaq sahəsi üzərində istifadə və icarə hüquqları başqasına torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin razılığı ilə könüllü və ya məhkəmənin qərarı ilə keçə bilər.

Torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi qaydaları bu Qanunla, Azərbaycan Respublikasının torpaq, mülki və icarə qanunvericiliyi ilə tənzimlənir.

Maddə 14-1. Torpaq sahəsinin rentası

Torpaq sahəsinin rentası ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

Maddə 15. Torpaq hərraclarında və müsabiqələrində torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqısının əsasları

Torpaqların və onlardan istifadə və icarə hüquqlarının açıq və ya qapalı hərrac və müsabiqə yolu ilə alqı-satqısının məqsədi Azərbaycan Respublikasında torpaq bazarının inkişafı vasitəsilə torpaqların dövriyyəsinin səmərəliliyini yüksəltməkdən, hüquqi və fiziki şəxslər arasında sağlam rəqabəti təmin etməkdən ibarətdir.

Torpaq hərraclarına və müsabiqələrinə torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada satıcılar (mülkiyyətçilər və ya girovsaxlayanlar) tərəfindən çıxarılır.

Torpaq hərraclarının və müsabiqələrinin təşkilatçıları ilə torpaq sahələrinin satıcıları arasında hərrac (müsabiqə) müqavilələri bağlanılır.

Hərrac (müsabiqə) müqavilələrində aşağıdakı şərtlər müəyyən olunur:

    • hərraca (müsabiqəyə) çıxarılan torpaq sahəsinin xarakteristikası və mülkiyyət hüququnu təsdiq edən sənədlərin siyahısı;
    • hərracın (müsabiqənin) növü, keçirilmə tarixi və vaxtı;
    • tərəflərin öhdəlikləri və məsuliyyəti;
    • təşkilatçıların mükafatlandırılması və satıcılarla hesablaşmaların aparılması qaydaları;
    • müqavilənin fəaliyyət müddəti və qanunvericiliklə müəyyən olunmuş digər şərtlər.

Hərrac və müsabiqə təşkilatçılarının mükafatının həcmi torpaq sahəsinin satış qiymətinin 5 faizindən artıq təşkil edə bilməz.

Torpaq sahələrinin (ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla) hərraca (müsabiqəyə) çıxarılan ilkin qiyməti torpağın normativ qiymətindən az olmayaraq mövcud bazar məzənnəsinə uyğun müəyyən edilir.

Hərrac və ya müsabiqənin qalibi və satıcı (mülkiyyətçi və ya girovsaxlayan) arasında müvafiq müqavilə bağlanılır.

Torpaq hərracında və müsabiqəsində satılmış hər bir torpaq sahəsi üzrə alıcı və satıcı arasında torpaqların alqı-satqısına dair müqavilə bağlanılır.

Maddə 16. Torpaq bazarında qiymətin formalaşmasının əsasları

Torpaq bazarında qiymətlər əqdlərin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, hüquqi statusundan, rejimindən, torpaqların normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır.

Xüsusi mülkiyyətdə olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər tərəflərin razılığı ilə bazar məzənnəsi nəzərə alınmaqla müəyyənləşdirilir.

Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir.

Bələdiyyələrin kənd təsərrüfatına az yararlı və yararsız torpaqları kənd təsərrüfatı məqsədləri üçün satıldıqda torpaq qanunvericiliyindəki güzəştlər nəzərə alınır.

Bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin (ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla) hərrac və müsabiqə vasitəsilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət), bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. İpoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti ipoteka haqqında qanunvericiliyə uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Torpaq üzərində istifadə və icarə hüquqlarının qiyməti, bazar məzənnələri nəzərə alınmaqla, bilavasitə satışı zamanı qarşılıqlı razılaşma əsasında, hərrac (və ya müsabiqə) vasitəsilə satıldıqda isə ilkin qiymət (qiymət) kimi mülkiyyətçilərlə satışın təşkilatçıları arasında razılaşma əsasında müəyyən edilir.

Torpaq sahələri üzərində istifadə və icarə hüquqları (xüsusi mülkiyyətdə olan torpaqlar istisna olmaqla) bağışlandıqda, dəyişdirildikdə və vərəsəliyə verildikdə onlar müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən müəyyən edilən qaydada normativ qiymətlərdən az olmamaq şərti ilə qiymətləndirilir.

Nizamnamə (pay) fonduna verilən torpaq sahəsinin və ya bu sahə üzərindəki hüquqların dəyəri iştirakçılar arasında bağlanmış müqavilə ilə bazar məzənnəsinə uyğun müəyyən olunur.

Torpaq bazarında məzənnələri tənzimləmək və ehtiyat fonduna əlavə torpaq sahələri cəlb etmək məqsədilə bələdiyyələr torpaq hərraclarında və müsabiqələrində torpaq sahələri ala bilərlər.

Maddə 17. Torpaq bazarında bağlanılan əqdlərə tətbiq edilən tədiyələr

Müvafiq icra hakimiyyəti orqanları və səlahiyyətləri daxilində bələdiyyələr torpaq bazarında bağlanılan əqdlərin növündən və torpaq sahələrinin qiymətindən asılı olaraq tədiyələrin differensiallaşdırılmış dərəcələrini və ödəmə qaydalarını müəyyən edirlər.

Torpaq bazarı əqdlərinin formalarına tətbiq edilən tədiyələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi torpaqların yaxşılaşdırılmasına, rekultivasiyasına, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu və elmi-tədqiqat işlərinin aparılmasına, habelə torpaq sahələrinin səmərəli istifadəsi və mühafizəsi ilə əlaqədar digər dövlət proqramlarının həyata keçirilməsinə yönəldilir.

IV fəsil. Torpaq bazarında yaranan hüquqların rəsmiləşdirilməsi

Maddə 18. Torpaq bazarında yaranan hüquqların əsasları

Azərbaycan Respublikasında torpaq bazarında əldə edilmiş torpaq sahələri üzərində hüquqlar aşağıdakı əsaslar üzrə yaranır:

    • dövlət torpaqlarının və onlar üzərində istifadə və icarə hüquqlarının, həmçinin bələdiyyə torpaqlarının və onlar üzərində icarə hüquqlarının alqı-satqısı, girovu (ipotekası), nizamnamə (pay) fonduna verilməsi — müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qərarları və torpaq münasibətlərinin subyektləri ilə bağlanmış müqavilələr və aktlar;
    • xüsusi mülkiyyətdə olan torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqısı, nizamnamə (pay) fonduna verilməsi, dəyişdirilməsi, bağışlanması, girovu (ipotekası), vərəsələrə keçməsi — hüquqi və fiziki şəxslər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilələr və aktlar;
    • torpaq üzərində hüquqların dövlət qeydiyyatı və sənədləşdirilməsi;
    • torpaq üzərində hüquqların müəyyən edilməsinə dair məhkəmənin qərarı və ya hökmü.

Maddə 19. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı

Torpaq üzərində bütün hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

Dövlət qeydiyyatından keçməmiş torpaq üzərindəki hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir.

Torpaq üzərində hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aparılır.

Maddə 20. Torpaq üzərində hüquqların sənədləşdirilməsi

Dövlət qeydiyyatından keçmiş torpaq üzərindəki hüquqlar Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada sənədləşdirilir.

V fəsil. Torpaq bazarı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli

Maddə 21. Torpaq bazarı haqqında qanunvericiliyin pozulması ilə bağlı əqdlərin etibarsızlığı

Torpaq bazarı haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.

Maddə 22. Torpaq bazarı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Torpaq bazarı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 23. Mübahisələrin həlli

Torpaq bazarının təşkili, idarə edilməsi və tənzimlənməsi ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 7 may 1999-cu il

№– 665-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 iyul 1999-cu il, №– 155).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 1999-cu il, №– 7, maddə 390).

23 aprel 2002-ci il tarixli, 311-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 393-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 395-IIQD nömrəli; 21 aprel 2006-cı il tarixli, 100-IIIQD nömrəli; 30 may 2006-cı il tarixli, 122-IIIQD nömrəli; 26 dekabr 2006-cı il tarixli, 219-IIIQD nömrəli; 22 may 2007-ci il tarixli, 342-IIIQD nömrəli; 1 aprel 2008-ci il tarixli, 588-IIIQD nömrəli; 28 oktyabr 2008-ci il tarixli, 709-IIIQD nömrəli; 20 aprel 2012-ci il tarixli, 338-IVQD nömrəli; 14 fevral 2014-cü il tarixli, 907-IVQD nömrəli; 13 fevral 2015-ci il tarixli, 1183-IVQD nömrəli; 30 sentyabr 2015-ci il tarixli, 1332-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə.

 

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top