Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında
Azərbaycan Respublikasının Qanunu
I fəsil. Ümumi müddəalar
Maddə 1. Qanunun məqsədi
Azərbaycan Respublikası Konstitusiyasına, hamılıqla tanınan beynəlxalq hüquq prinsiplərinə və normalarına müvafiq surətdə bu Qanun, adından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün yazılı beynəlxalq müqavilələrinin (müqavilə, saziş, konvensiya, pakt, protokol, məktubların və ya notaların mübadiləsi və başqa adlı beynəlxalq müqavilələr) bağlanması, icrası və ləğv edilməsi qaydalarını müəyyənləşdirir.
Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi, adından asılı olmayaraq, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bu Qanunda müəyyənləşdirilmiş qaydada yazılı şəkildə bağlanan razılaşmasıdır.
Maddə 2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri
Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələri Azərbaycan Respublikası adından (dövlətlərarası müqavilələr) və Azərbaycan Respublikasının hökuməti adından (hökumətlərarası müqavilələr) bağlanır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bağlanılan beynəlxalq müqavilələr də hökumətlərarası müqavilələr sayılır.
Maddə 3. Beynəlxalq müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə edilməsi üsulları
Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, qəbul edilməsi, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər.
II fəsil. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması
Maddə 4. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təkliflər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri Azərbaycan Respublikası Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi verirlər.
Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və idarələri Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə və ya onunla razılaşdırmaqla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verirlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti verilmiş təkliflərə baxıb müvafiq rəylə birlikdə həmin təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
Azərbaycan Respublikasının beynəlxalq müqaviləsinin bağlanması haqqında təklif verilərkən beynəlxalq müqavilənin bağlanması zərurəti əsaslandırılır, onun ehtimal olunan siyasi, iqtisadi, hüquqi, maddi və maliyyə nəticələri müəyyənləşdirilir, beynəlxalq müqavilənin icraçıları göstərilir, danışıqların aparılması, beynəlxalq müqavilənin mətninin qəbul edilməsi və ya əslinə uyğunluğunun müəyyən edilməsi ilə Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibi və ya nümayəndəsi təklif edilir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar nəzərdə tutulan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təkliflər Azərbaycan Respublikası Prezidentinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla və müvafiq ekspert rəyi ilə birlikdə təqdim edilir.
Maddə 5. Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması haqqında qərarların qəbul edilməsi
Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında qərarları müvafiq icra hakimiyyəti orqanı qəbul edir.
Maddə 6. Beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyəti
Müvafiq icra hakimiyyəti orqanı beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyətini müvafiq icra hakimiyyəti orqanlarının və dövlətə məxsus müəssisələrin rəhbərlərinə verə bilər. Səlahiyyət verildikdə danışıqların predmeti və həyata keçirilməli olan hərəkətlər göstərilir.
Maddə 7. Xüsusi səlahiyyət olmadan beynəlxalq danışıqlar aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələri barəsində, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri isə bu Qanunun 8-ci maddəsində göstərilən beynəlxalq müqavilələr istisna olmaqla, Azərbaycan Respublikasının digər beynəlxalq müqavilələri barəsində danışıqlar aparmaq və onları imzalamaq hüququna malikdirlər.
Bu Qanunun 8-ci maddəsinin ikinci hissəsində göstərilən Azərbaycan Respublikasının beynəlxalq müqavilələri barəsində danışıqların aparılmasına, onların imzalanmasına dair səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirinə, Azərbaycan Respublikasının xarici işlər nazirinə, habelə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verə bilər. Səlahiyyət verildikdə danışıqların predmeti və həyata keçirilməli olan hərəkətlər göstərilir.
Azərbaycan Respublikasının xarici dövlətdəki diplomatik nümayəndəliyinin başçısı və ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birində Azərbaycan Respublikası nümayəndəliyinin başçısı xüsusi səlahiyyət olmadan müvafiq surətdə qəbuledici dövlətlə və ya həmin beynəlxalq konfrans, təşkilat və ya onun orqanlarının biri çərçivəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında danışıqlar aparmaq hüququna malikdirlər.
Maddə 8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası
Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri Azərbaycan Respublikasının Milli Məclisi təsdiq (ratifikasiya) edir.
Maddə 9. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bəyənilməsi və ratifikasiya haqqında təkliflər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyənilməsi və ratifikasiyaya təqdim edilməsi haqqında təklifləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müstəqil surətdə, yaxud Azərbaycan Respublikasının başqa nazirlikləri, dövlət komitələri və idarələri ilə birlikdə və ya onlarla razılaşdıraraq təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti həmin təkliflərə baxıb müvafiq qərar qəbul edir.
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının iştirak etdiyi ratifikasiyası tələb olunmayan hər bir beynəlxalq müqavilənin ratifikasiya edilməsi məsələsini həll edə bilər.
Maddə 10. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiya edilməsi haqqında təkliflərə qabaqcadan baxılması
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən beynəlxalq müqavilələrə Milli Məclisin müvafiq komitələrində qabaqcadan baxılaraq rəy verilir.
Maddə 11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında qanunların qəbul edilməsi
Azərbaycan Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün təqdim edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə baxır və müvafiq qanun qəbul edir.
Ratifikasiya üçün təqdim edilmiş beynəlxalq müqavilələr dövlət dilində olmalıdır. Rəsmi mətnləri dövlət dilində olmadıqda, beynəlxalq müqavilələr dövlət dilinə tərcümə edilməli və tərcümə edilmiş mətnin rəsmi mətnə uyğunluğunu təsdiq edən sənəd əlavə edilməlidir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikasının qanunu əsasında müvafiq icra hakimiyyəti orqanı ratifikasiya sənədini (təsdiqnaməni) imzalayır.
Maddə 12. Təsdiqnamələrin mübadiləsi və onların saxlanmağa verilməsi
Müvafiq icra hakimiyyəti orqanı və ya həmin orqanın tapşırığı ilə Azərbaycan Respublikasının müvafiq dövlətdəki diplomatik nümayəndəliyi və ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birindəki nümayəndəliyi təsdiqnamələri mübadilə edir və onları saxlanmaq üçün depozitariyə verir.
Maddə 13. Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin təsdiq və ya qəbuledilməsi
Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Maddə 14. Beynəlxalq müqavilələrə qoşulma
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə qoşulması haqqında qərarı aşağıdakılar qəbul edirlər:
1) ratifikasiyası tələb olunan müqavilələr barəsində — Azərbaycan Respublikasının Milli Məclisi;
2) ratifikasiyası tələb olunmayan müqavilələr barəsində — müvafiq icra hakimiyyəti orqanı.
3) ratifikasiyası tələb olunmayan müqavilələrə Azərbaycan Respublikasının hökuməti adından qoşulduqda — Azərbaycan Respublikasının Prezidenti və ya onun qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi.
III fəsil. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası
Maddə 15. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əməl edilməsi
Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə dönmədən əməl etməlidir.
Azərbaycan Respublikası beynəlxalq müqavilələrə vicdanla əməl edilməsi prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasının iştirak etdiyi ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin digər iştirakçılarının da bu müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün səylər göstərir.
Maddə 16. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsinin təmin edilməsi
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsini təmin edir.
Maddə 17. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi
Müvafiq icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və onların səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edirlər.
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklərin həm Azərbaycan Respublikası, həm də həmin müqavilələrin digər iştirakçıları tərəfindən yerinə yetirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müntəzəm məlumat verir.
Maddə 18. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidə
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidəni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə 19. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin digər iştirakçılar tərəfindən pozulmasına görə görülən tədbirlər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklər həmin müqavilələrin digər iştirakçıları tərəfindən pozulduqda, müvafiq icra hakimiyyəti orqanları müvafiq icra hakimiyyəti orqanına beynəlxalq hüquq normalarına uyğun olaraq lazımi tədbirlər görülməsi haqqında təkliflər verirlər.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələri digər iştirakçılar tərəfindən əhəmiyyətli dərəcədə pozulduqda, habelə beynəlxalq hüquq normaları ilə nəzərdə tutulmuş başqa hallarda həmin müqavilələrə bu Qanunun 22-24-cü maddələrində müəyyən edilmiş qaydada xitam verilir.
Maddə 20. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə dəyişikliklər edilməsi haqqında təkliflər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının qəbul edilməsi lazım gəldikdə, müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq aktın qəbul edilməsi haqqında təkliflər verirlər.
IV fəsil. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi
Maddə 21. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təkliflər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təklifləri müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti, habelə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müstəqil surətdə və ya digər nazirliklər, dövlət komitələri və idarələri ilə birlikdə, yaxud onlarla razılaşdırmaqla Azərbaycan Respublikasının Prezidentinə təqdim edirlər.
Maddə 22. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ləğv edilməsi
Ratifikasiya edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanının təklifinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi ləğv edir.
Maddə 23. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təkliflərə qabaqcadan baxılması
Bu Qanunun 22-ci maddəsinə əsasən ləğv edilən Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğvi haqqında təkliflərə Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələri qabaqcadan baxıb rəy verirlər.
Maddə 24. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilməsi
Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanı ləğv edir.
V fəsil. Yekun müddəaları
Maddə 25. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin dərc edilməsi
Ratifikasiya edilmiş, habelə bu Qanuna müvafiq təsdiq edilmiş, qəbul edilmiş və ya Azərbaycan Respublikasının qoşulduğu Azərbaycan Respublikasının beynəlxalq müqavilələri «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda və Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc edilir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin əslinə uyğun mətnləri xarici dillərdə tərtib olunduqda, həmin müqavilələr Azərbaycan dilinə rəsmi tərcümə ilə birlikdə bu dillərin birində çap edilir.
Maddə 26. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin rəsmi qeydiyyatı
Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələri müvafiq icra hakimiyyəti orqanında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin reyestrində qeydə alınır.
Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələrinin Birləşmiş Millətlər Təşkilatının Katibliyində və ya digər beynəlxalq təşkilatların müvafiq orqanlarında qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 13 iyun 1995-ci il
№– 1057
«Azərbaycan» qəzetində dərc edilmişdir (28 noyabr 1995-ci il, №– 228).
«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (23 noyabr 1995-ci il, №– 22, maddə 349).
18 iyun 2010-cu il tarixli, 1032-IIIQD nömrəli; 24 iyun 2011-ci il tarixli, 170-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə.