I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

İcarə haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 1. İcarə anlayışı

İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir.

Maddə 2. İcarə qanunvericiliyi

İcarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

Torpaq icarəsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanunu, habelə həmin qanunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir.

Maddə 3. İcarə dairəsi və obyektləri

İcarəyə xalq təsərrüfatının bütün sahələrində yol verilir və o, mülkiyyətin bütün formalarının və növlərinin əmlakı barəsində tətbiq edilə bilər.

İcarə münasibətlərinin obyekti ola bilməyən əmlakın dairəsi və növləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 4. İcarəyə verənlər

Əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur.

Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin icarəsinə dövlət və bələdiyyə mülkiyyəti obyektləri yalnız mülkiyyətçinin razılığı ilə verilir.

Maddə 5. İcarəçilər

Hər hansı hüquqi və fiziki şəxs icarəçi ola bilər.

Maddə 6. İcarəçi birlikləri

İcarəçilərin ixtiyarı var ki, könüllülük əsasında assosiasiyalar, ittifaqlar, başqa birliklər yaratsınlar, onların fəaliyyətini maliyyələşdirsinlər və nizamnamələrə uyğun olaraq sərbəst surətdə onların tərkibindən çıxsınlar.

Maddə 7. İcarə müqaviləsi

1. İcarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd — icarə müqaviləsidir.

2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və tə’mir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.

3. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər.

4. İcarəyə verilən əmlakın dəyəri faktik aşınma nəzərə alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan qiymət əsasında müqavilədə müəyyən edilir.

5. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən qaydada məs’uliyyət daşıyırlar.

Maddə 8. İcarə haqqı

1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.

Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İcarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş əmlakın dəyərindən amortizasiya ayırmaları icarə haqqına daxil edilir. İcarəyə götürülmüş əmlakın təkrar istehsalını tamamilə icarəçi həyata keçirdikdə amortizasiya ayırmaları icarəyəverənə verilmir və yalnız icarəçiyə məxsus olur.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət əmlakı dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlara məxsus olduqda icarə haqları 100 faiz dövlət büdcəsinə köçürülür, kommersiya fəaliyyəti göstərən müəssisə və təşkilatlarda isə 50 faizi həmin müəssisələrin sərəncamında qalır.

Dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

2. Zərərlə işləyən və azrentabelli müəssisələr icarə münasibətlərinə keçərkən müqavilədə mütərəqqi ixtisarla dotasiyanın məbləği, zərərlə işləmənin aradan qaldırılmasına, rentabelliyin yüksəldilməsinə dair öhdəliklər, icarə ödənişlərinin tutulmağa başlanacağı vaxt nəzərdə tutula bilər. İcarəyəverən zərərlə işləyən və azrentabelli dövlət müəssisələrinin icarəçilərinə icarə haqqının məbləği üzrə güzəştlər verə bilər.

3. Dövlət tərəfindən tənzimlənən qiymətlər, tariflər, ödənişlər və ya amortizasiya normaları dəyişildikdə, inflyasiyanın sür’əti kəskin artdıqda, habelə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş başqa hallarda tərəflərdən biri icarə məbləğinin dəyişdirilməsini tələb edə bilər.

4. Əmlakdan istifadənin müqavilədə nəzərdə tutulmuş şərtləri və ya əmlakın vəziyyəti icarəçinin cavabdeh olmadığı səbəblər üzündən xeyli pisləşdikdə icarəçinin hüququ var ki, icarə haqqının azaldılmasını tələb etsin.

5. İcarəçi icarə haqqından savayı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergiləri və digər tə’diyələri də ödəyir, bir şərtlə ki, bu, icarəyəverənin vəzifəsinə daxil edilməsin.

6. İcarə haqqı tərəflərin razılığı ilə natura, pul formalarında və ya qarışıq formada tə’yin edilə bilər.

Maddə 9. İcarə zamanı mülkiyyət

1. Əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur.

2. İcarəçinin icarəyə götürdüyü əmlakdan istifadə nəticəsində əldə etdiyi məhsul və gəlir, habelə icarəyə götürülmüş əmlakdan alınan gəlir hesabına əldə etdiyi əmlak onun mülkiyyətidir.

3. Əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir.

4. İcarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur.

5. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.

6. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.

7. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər.

Maddə 10. İcarəyə götürülən əmlakın satın alınması

İcarəçi icarəyə götürdüyü əmlakı mülkiyyətçinin razılığı ilə dövlətsizləşdirmə və özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada tamamilə və ya qismən satın ala bilər.

Maddə 11. İcarəçinin təsərrüfat fəaliyyəti istiqamətlərinin müəyyənləşdirilməsi

İcarəçi icarə müqaviləsinə uyğun olaraq müstəqil surətdə özünün təsərrüfat fəaliyyətinin istiqamətlərini müəyyənləşdirir və istehsal etdiyi məhsul, götürdüyü gəlir barəsində sərəncam verir.

İcarəçi öz təsərrüfat fəaliyyətində yalnız icarə müqaviləsinin şərtləri ilə məhdudlaşdırılır.

Maddə 12. İcarənin müddətləri

İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir.

Maddə 13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması

1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.

2. İcarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Bu halda icarəçinin icarə obyektinə qoyduğu investisiyanı icarəyəverən bazar dəyəri üzrə ödəməlidir.

3. İcarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir.

4. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır.

5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.

6. İcarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər.

İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun.

Müqavilənin bağlanmasının icarəçinin şəxsi keyfiyyətləri ilə şərtləndirildiyi hallar istisna edilməklə, icarəçinin ixtiyarı yoxdur ki, həmin şəxsin qüvvədə olan müqavilə üzrə qalan müddət üçün müqaviləyə daxil olmasına razılıq verməsin.

Maddə 14. İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı mübahisələrə baxılması

İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır.

Maddə 15. İcarəçinin əmlak hüquqlarının müdafiəsi

1. İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda tə’min edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər.

2. İcarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş əmlaka yönəldilməsinə yol verilmir.

3. İcarəçinin əmlakı ondan yalnız məhkəmənin qərarı ilə geri alına bilər.

Maddə 16. İcarə müəssisəsinin yaradılması

1. Dövlət və bələdiyyə müəssisəsinin əmək kollektivinin ixtiyarı vardır ki, icarəçilər təşkilatı əsasında icarə müəssisəsi yaratmaq üçün müstəqil hüquqi şəxs kimi belə təşkilat yaratsın.

İcarəçilər təşkilatını və onun idarə orqanlarını yaratmaq haqqında qərarı əmək kollektivinin ümumi yığıncağı kollektivin üzvlərinin səslərinin azı üçdə iki hissəsi ilə qəbul edir.

İcarəçilər təşkilatı həmkarlar ittifaqı komitəsi ilə birlikdə icarə müqaviləsinin layihəsini hazırlayır və onu müəssisənin mülkiyyətçisinə və dövlət, bələdiyyə müəssisələrini icarəyə vermək üçün mülkiyyətçi tərəfindən vəkil edilmiş orqana göndərir. Onlar müqavilənin layihəsini alındığı gündən e’tibarən otuz gün ərzində nəzərdən keçirməlidirlər. Meydana çıxan fikir ayrılıqları bu Qanunun 14-cü maddəsinə müvafiq surətdə nizama salınır.

Müqavilə imzalandıqdan sonra icarəçilər təşkilatı icarə müəssisəsi statusunu əldə edir.

2. İcarə müəssisəsi öz əmək kollektivinin ümumi yığıncağı tərəfindən təsdiq edilən nizamnamə əsasında fəaliyyət göstərir. İcarə müəssisəsi Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu alır.

Maddə 17. Əmək münasibətləri və sosial tə’minatlar

1. İcarə müəssisəsinin əmək kollektivi üzvlərinin əmək münasibətləri bu Qanunda müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla əmək qanunvericiliyi ilə tənzimlənir.

2. Dövlət qüvvədə olan qanunvericiliyə uyğun olaraq icarə müəssisələri işçilərinin sosial müdafiəsini tə’min edir.

3. İcarə müəssisəsi öz gəlirlərindən dövlət sosial sığorta fonduna qanunvericiliklə müəyyən olunan qaydada və məbləğdə ayırmalar verir.

Maddə 18. Əmlakın vətəndaşlar tərəfindən icarəsi

1. Vətəndaş, yaxud vətəndaşlar qrupu istehsal vasitələrini və təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün onlara lazım olan başqa əmlakı icarəyə götürə bilərlər.

2. Fərdi icarə, yaxud qrup icarəsi şərtləri üzrə əmək fəaliyyəti ilə məşğul olan şəxslər fəhlə və qulluqçularla bərabər sosial sığorta edilməli və sosial cəhətdən tə’min olunmalıdırlar. İcarəçilər qanunvericilikdə müəyyən olunmuş qaydada və miqdarda Dövlət Sosial Müdafiə Fonduna vəsait ayırırlar. İcarəçilərin sığorta haqqı ödənilən iş dövrü əmək stajına daxil edilir.

3. Fərdi icarə, yaxud qrup icarəsi zamanı icarəçilər istehsal olunmuş məhsul barəsində müstəqil sərəncam verir, istehlakçı ilə razılaşmaya əsasən və ya müstəqil surətdə müəyyən edilmiş qiymətlər və tariflər üzrə işlər görür və xidmətlər göstərirlər. İstehsal edilmiş məhsul respublika ərazisində sərbəst surətdə satılır. Respublika hüdudlarından kənara məhsul qanunvericilikdə müəyyən olunmuş qaydada aparılır.

4. İcarəçinin icarəyə götürdüyü torpaq sahəsində icarəyəverənin razılığı ilə və ümumi tikinti qaydalarına əməl etməklə lazımi istehsal və qeyri-istehsal binaları, o cümlədən mənzil tikmək (kənd təsərrüfatı tə’yinatlı torpaqlar da istisna olmaqla) hüququ vardır.

5. İcarəçi məhsulun (işlərin, xidmətlərin) satış pulundan icarə haqqını, vergiləri və bankın borcları üzrə tə’diyələri ödədikdən sonra onun barəsində müstəqil sərəncam verir.

6. Kənd təsərrüfatında icarəçilərin maddi-texniki tə’minatı, onlara nəqliyyat, tə’mir və başqa növ xidmətlər göstərilməsi müqavilələr əsasında həyata keçirilir.

7. Kəndli və başqa əmək təsərrüfatları istehsal fəaliyyətini həyata keçirərkən kooperasiya əlaqələrinə girə bilər, təchizat-satış, e’mal, tə’mir, tikinti kooperativləri və başqa kooperativlər, habelə təsərrüfat birlikləri yarada bilər, ittifaqlarda birləşə bilərlər.

8. İcarəçinin pul əməliyyatları üçün bank idarələrində hesab açmaq ixtiyarı vardır.

9. İcarəçilər istehsalı inkişaf etdirmək üçün bank idarələri və ya icarəyəverənlər ilə razılaşdırılmış şərtlərlə qısamüddətli və uzunmüddətli borclar ala bilərlər.

10. Yerli xalq deputatları Sovetləri yeni təsərrüfat yaradılması, istehsalın inkişafı, torpaqların meliorasiyası, yol çəkilişi və mənzil tikintisi üçün qaytarmaq və ya qaytarmamaq şərti ilə icarəçilərə vəsait ayıra bilər.

Maddə 19. Təsərrüfatdaxili icarə podratı

1. Ayrı-ayrı işçilərin, kollektivlərin, bölmələrin, işçi qruplarının (bundan sonra icarə kollektivləri adlanacaqdır) əməyinin təşkili və ödənilməsi forması kimi təsərrüfatdaxili icarə podratı dövlət müəssisələrində, bələdiyyə müəssisələrində və digər müəssisələrdə tətbiq edilə bilər.

İcarədən fərqli olaraq təsərrüfatdaxili icarə podratında yalnız əmlak icarəsi (satın almaq hüququ olmadan) nəzərdə tutulur.

2. Həmkarlar ittifaqı komitəsi ilə razılığa əsasən müəssisə təsərrüfatdaxili icarə podratı haqqında əsasnaməni məhsulun (işlərin, xidmətlərin) təsərrüfatdaxili hesablaşma qiymətlərini və tariflərini, maddi və başqa məsrəfləri icarə kollektivləri tərəfindən uçotu formalarını təsdiq edir.

3. Dövlət və bələdiyyə müəssisələrinin icarə kollektivləri əməyin ödənməsi formalarını və sistemlərini, iş günü bölgüsünü, işin növbəliyini müstəqil müəyyənləşdirir, iş vaxtının məcmu uçotunun tətbiqi haqqında qərar qəbul edir, müəssisənin müxtəlif bölmələrinin fəaliyyətində zəruri uzlaşmanı pozmadan istirahət günlərinin verilməsi qaydasını müəyyən edir.

İcarə kollektivinin tərkibinə yeni işçilər onun razılığı ilə daxil edilir.

4. Kənd təsərrüfatında icarə podratı müqaviləsində icarə kollektivinin üzvü olmayan vətəndaşlar ilə icarə kollektivinin müəyyən işlər görülməsi üçün müəssisə adından əmək müqavilələri bağlamaq hüququ nəzərdə tutula bilər. Belə vətəndaşların əməyi icarə kollektivi üzvlərinin əməyinin ödənməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.

Maddə 20. İcarə podratı daxilində təsərrüfat fəaliyyətinin təşkili

1. İcarə podratı müqaviləsinə uyğun olaraq icarə kollektivi müqavilədə nəzərdə tutulmuş məhsulu (işləri, xidmətləri) istehsal etmək və müəssisəyə vermək, yaxud onun göstərişi ilə digər müəssisələrə və ya vətəndaşlara satmaq barəsində öhdəlik götürür.

İcarə kollektivi müqavilədə göstərilmiş həcmdən artıq istehsal edilmiş məhsul (işlər, xidmətlər) barəsində öz mülahizəsinə əsasən sərəncam vermək ixtiyarına malikdir, bu şərtlə ki, qanunvericilik aktları və ya müqavilə ilə başqa hal müəyyən edilməsin.

2. İcarə podratı zamanı müəssisə müəyyən edilmiş qaydada bütövlükdə müəssisənin fəaliyyətinin nəticələri üzrə büdcə, bank və yuxarı orqan ilə hesablaşmalar aparır. Müəssisə əsas nomenklaturanın və məhsul (işlər, xidmətlər) istehsalı həcminin planlaşdırılması funksiyalarını özündə saxlayır, habelə vahid texniki siyasət yeridir, müəssisə üçün ümumi planlar üzrə müəssisəni yeni texnika ilə təchiz edir və yenidən qurur, sosial sahəni inkişaf etdirir.

İstehsal proqramını icarə kollektivi icarə podratı müqaviləsi ilə nəzərdə tutulmuş öhdəlikləri nəzərə almaqla müstəqil formalaşdırır.

3. İcarə podratı müqaviləsi ilə müəssisənin xərclərində və tə’diyələrində, o cümlədən istehsalın, elm və texnikanın inkişafına, sosial ehtiyaclara çəkilən xərclərdə icarə kollektivinin iştirakının miqyası və qaydası müəyyən edilir.

4. İcarə podratı müqaviləsində tərəflərin müqavilə üzrə öhdəliklərinin icra olunmaması və ya lazımınca icra olunmaması üçün onların məs’uliyyəti müəyyən edilir.

5. Müəssisə bölmənin icarə kollektivinə müəssisə adından təsərrüfat müqavilələri bağlamaq hüququ verə bilər. Belə icarə kollektivinin bank idarəsində hesab açmaq ixtiyarı vardır. İcarə kollektivi ona təhkim edilmiş əmlak üçün müqavilələr üzrə məs’uliyyət daşıyır. Əmlak kifayət qədər olmadıqda icarə kollektivinin öhdəlikləri üzrə məs’uliyyəti icarəyəverən müəssisə daşıyır.

6. İcarəyə verən müəssisə müqavilə əsasında bölmələrin icarə kollektivlərinə özlərinin istehsal etdikləri məhsulu (işləri, xidmətləri) müstəqil satmaq, götürdükləri gəlirdən əmək haqqı, vergilərin ödənilməsi və büdcəyə tə’diyələr, sosial sığortaya haqq verilməsi üçün istifadə etmək hüququ verə bilər. Belə icarə kollektivləri bank idarələrində və ya maliyyə-hesablaşma mərkəzlərində hesablar aça bilərlər.

7. Təsərrüfatdaxili icarə zamanı icarəyəverən icarəçiyə müxtəlif güzəştlər verə bilər.

8. İcarə kollektivinə təhkim olunmuş əmlakdan istifadə üçün haqq (icarə haqqı) icarə podratı müqaviləsində müəyyən edilir. Qiymətlər və digər iqtisadi şərait dəyişildikdə icarə haqqının miqdarı tərəflərin razılığı ilə yenidən nəzərdən keçirilib dəyişdirilə bilər.

9. Əkinlər, mal-qara və icarəyə götürülmüş digər əmlak müəssisə tərəfindən sığortalanırsa və icarə kollektivi təbii fəlakət üzündən və ya başqa sığorta hallarında müqavilədə göstərilmiş həcmdə məhsul götürmürsə, icarə haqqı müəssisənin aldığı sığorta haqqının məbləğinə mütənasib surətdə azaldılır.

İcarə kollektivi müəssisənin razılığı ilə əkinlərin, mal-qaranın və digər əmlakın sığortalanması üçün onun adından müqavilələr bağlamaq ixtiyarına malikdir. Bu halda təbii fəlakət və başqa sığorta halları zamanı icarə haqqının məbləği yenidən nəzərdən keçirilib dəyişdirilir.

10. İcarə kollektivlərinin gəliri icarə haqqı verildikdən, maddi məsrəflər ödənildikdən, müqavilədə nəzərdə tutulmuş başqa ayırmalardan sonra satış pulundan əmələ gəlir. İcarə kollektivində qalan gəlirdən o, müstəqil istifadə edir və bu gəlir geri alına bilməz.

Maddə 21. İcarə kollektivinin hüquqlarının tə’minatı

1. İcarə podratı müqaviləsinə müvafiq surətdə icarə kollektivinə təhkim edilmiş əmlakın müəssisə tərəfindən geri alınmasına yol verilmir.

2. İcarə podratı müqaviləsinin vaxtından əvvəl dəyişdirilməsinə və ya pozulmasına yalnız icarə kollektivi ilə müəssisə arasındakı razılığa əsasən yol verilir.

3. İcarə podratı müqaviləsinin icrası, pozulması və dəyişdirilməsi sahəsində icarə kollektivi ilə müəssisə arasında əmələ gələn mübahisələr əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll edilir.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri

Y. MƏMMƏDOV

Bakı şəhəri, 30 aprel 1992-ci il

№– 114

«Həyat» qəzetində dərc edilmişdir (26 may 1992-ci il, №– 102).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, №– 9, maddə 221)

11 avqust 1992-ci il tarixli, 265 nömrəli; 5 noyabr 1996-cı il tarixli, 188-IQD nömrəli; 28 dekabr 1998-ci il tarixli, 600-IQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 190-IIQD nömrəli; 23 aprel 2002-ci il tarixli, 311-IIQD nömrəli; 22 noyabr 2002-ci il tarixli, 382-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 398-IIQD nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə.

 

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top