Kütləvi informasiya vasitələri haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Kütləvi informasiya azadlığı
Azərbaycan Respublikasında kütləvi informasiya azaddır.
Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.
Maddə 2. Bu Qanunun tətbiq sahəsi
Bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş bütün kütləvi informasiya vasitələrinə, həmçinin onun hüdudlarından kənarda yaradılan kütləvi informasiya vasitələri məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə şamil edilir.
Maddə 3. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
- kütləvi informasiya—axtarılması, əldə olunması, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş mətbu, audio, audiovizual xəbər və digər məlumatlar;
- kütləvi informasiya vasitələri—dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları;
- teleradio və kinoxronika proqramları—daimi adı olan və ildə azı bir dəfə efirə buraxılan audio, audiovizual xəbər və materialların (verilişlərin) məcmusu;
- dövri mətbu nəşrlər— çap prosesinin və ya hər hansı surətçıxaran texnika vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər;
- kütləvi informasiya vasitəsinin məhsulu—mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya videoyazısının tirajı, yaxud tirajının bir hissəsi;
- kütləvi informasiya vasitəsi məhsulunun yayılması—dövri mətbu nəşrlərin, teleradio proqramlarının, audio və ya videoyazıların satılması və ya paylanması, teleradio proqramlarının yayımı, kinoxronika proqramlarının nümayişi;
- ixtisaslaşmış kütləvi informasiya vasitələri—istehsalı (yayımı) üçün bu Qanunla xüsusi qaydalar müəyyən edilmiş kütləvi informasiya vasitələri;
- məsul redaktor—mətbu nəşrə rəhbərlik edən baş redaktor (redaktor), yaxud onu əvəz edən şəxs; teleradio təşkilatında verilişlərin (proqramların) yayımına icazə verən şəxs;
- naşir—mətbu nəşrin məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən nəşriyyat, digər müəssisə (sahibkar), naşirə bərabər tutulan və əsas gəlir mənbəyi bu fəaliyyət növü olmayan fiziki və ya hüquqi şəxs;
- yayıcı—redaksiya və ya naşirlə müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla kütləvi informasiya vasitəsi məhsullarının yayılmasını həyata keçirən fiziki və ya hüquqi şəxs;
- pornoqrafik materiallar—əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar.
Maddə 4. Kütləvi informasiya vasitələrinin istehsalı və yayımının əsas prinsipləri
Kütləvi informasiya vasitələrinin redaksiyaları öz fəaliyyətlərində obyektivliyə, informasiyanın şəraitə uyğun mükəmməlliyinə, peşəkarlığa, hər kəsin doğru-dürüst informasiya almaq, fikir və söz azadlığı hüququna, vətəndaşların şəxsi həyatına hörmətə, peşə etikasına əməl edilməsinə, pornoqrafik materialların istehsalı və yayımının yolverilməzliyinə əsaslanmalıdır.
Maddə 5. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, «Televiziya və radio yayımı haqqında», «Məlumat azadlığı haqqında», «Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında», «Rabitə haqqında», «Dövlət sirri haqqında», «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası qanunlarından, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 6. Kütləvi informasiya vasitələrinin dili
Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələri dövlət dilindən istifadə edirlər.
Azərbaycan Respublikası vətəndaşlarının kütləvi informasiyanın istehsalı və yayımında Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərdən, habelə dünyada geniş yayılmış digər dillərdən istifadə etmək hüququ vardır.
Maddə 6-1. Kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi
Kütləvi informasiya vasitələri qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər.
II fəsil. Kütləvi informasiya azadlığının əsasları
Maddə 7. Senzuranın yolverilməzliyi
Kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur.
Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə kütləvi informasiya vasitələrinin azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.
Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ
Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.
Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.
İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.
Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.
Maddə 9. Antiinhisar tədbirlər
Dövlət kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinə təminat verir, kütləvi informasiya vasitələri məhsullarının istehsalı və yayımı sahəsində inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısını almaq üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlər görür.
Maddə 10. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
Bu Qanunun jurnalistlər üçün müəyyənləşdirdiyi hüquqlardan sui-istifadə edərək ictimai əhəmiyyətli məlumatları gizlətməyə və ya saxtalaşdırmağa, kənar şəxsin və ya kütləvi informasiya vasitəsi olmayan təşkilatın xeyrinə məlumat toplamağa yol verilmir. Yalnız cinsinə, dinə münasibətinə, vəzifəsinə, cəmiyyətdə tutduğu möqeyə, habelə siyasi etiqadına görə vətəndaşı və ya vətəndaşların müəyyən qrupunu hörmətdən salmaq məqsədilə jurnalist hüquqlarından istifadə edib informasiya yaymaq qadağandır.
İnformasiya dərc olunarkən onun mənası hər hansı vasitə ilə, o cümlədən sərlövhələr, şəkilaltı sözlər vasitəsilə dəyişdirilib təhrif oluna bilməz. Dərc edilmiş (efirə getmiş) informasiyalar, şayiələr təsdiq olunmadıqda həmin kütləvi informasiya vasitəsində bu barədə mütləq məlumat verilməlidir.
Kütləvi informasiya vasitələrindən vətəndaşların şəxsi həyatına qəsd məqsədilə istifadə etmək qadağandır.
Maddə 10-1. Gizli lent yazıları
Gizli audio və video yazılardan, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış məlumat və materialları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:
1) şəxsin və vətəndaşın bu barədə yazılı razılığı varsa, habelə kənar şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə;
2) məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.
Bu maddənin tələblərini pozaraq gizli audio-video yazılardan, kino-foto çəkilişindən istifadə olunması və onun yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə səbəb olur.
Maddə 11. İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar
Kütləvi informasiya vasitəsi redaksiyasının və ya jurnalistin:
1) şəxsin gizli saxlanmaq şərtilə verdiyi məlumatı yayılan xəbər və materiallarda açıqlamasına;
2) adının bildirilməməsi şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsinə;
3) təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai istintaq və təhqiqat məlumatlarını yaymasına;
4) cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir.
Kütləvi informasiya vasitəsinin məlumatın dərc olunmasına (efirə verilməsinə) məsul redaktoru və (və ya) jurnalist istintaqda, yaxud məhkəmə icraatında olan işlə əlaqədar qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu halda müəllifi açıqlanmayan təsvirə, məqaləyə, şəkilə və ya karikaturaya görə məsuliyyət buraxılışa məsul redaktorun, yaxud jurnalistin üzərinə düşür.
Redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa məcbur edilə bilər:
1) insan həyatının müdafiəsi üçün;
2) ağır cinayətin qarşısını almaq məqsədilə;
3) ağır cinayət törətməkdə ittiham olunan, yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün.
Bu maddənin birinci hissəsinin 3-cü bəndinin tələbləri jurnalistin müstəqil təhqiqat aparmaq hüququnu məhdudlaşdırmır.».
Maddə 12. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən və oxucu məktublarından istifadə edilməsi
Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən kütləvi informasiya vasitələrinin istifadəsinə «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməklə yol verilir.
Oxucu (dinləyici, tamaşaçı) məktubları dərc edilərkən (efirə verilərkən) onların məzmununu təhrif etməyən ixtisara və redaktəyə yol verilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa redaksiya oxucu (dinləyici, tamaşaçı) məktublarına cavab verməyə məcbur deyildir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa kütləvi informasiya vasitəsinin redaksiyası imtina etdiyi materialı dərc etməyə (efirə verməyə) məcbur edilə bilməz.
Maddə 13. Reklamın yayılması
Kütləvi informasiya vasitələrində reklam «Reklam haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanır və yayılır.
III fəsil. Kütləvi informasiya vasitələrinin təşkilinin hüquqi əsasları
Maddə 14. Kütləvi informasiya vasitəsinin təsis edilməsi
Mətbu nəşrlərin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur.
Mətbu nəşr təsis etmək istəyən hüquqi və ya fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməyə borcludur. Müraciətdə aşağıdakılar göstərilməlidir:
- mətbu nəşrin adı, məqsədi, dövriliyi, hüquqi ünvanı;
- mətbu nəşrin təsisçisinin, varsa redaktorunun (baş redaktorunun) adı, soyadı;
- mətbu nəşrin təsisçisi, yaxud redaksiyası hüquqi şəxsdirsə, qeydiyyatdan keçirilmiş nizamnaməsi.
Mətbu nəşrin təsisçisi müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etmədən yayıldıqda, yaxud müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda müvafiq icra hakimiyyəti orqanı həmin nəşrin fəaliyyətinə xitam verilməsi barədə müvafiq məhkəmə qarşısında məsələ qaldırır.
Kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər.
Kütləvi informasiya vasitəsinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə olunmasına həmin qurumların razılığı ilə yol verilir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını özündə əks etdirən (yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) və ya əvvəl təsis edilmiş digər mətbu nəşrlə eyni ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir.
Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür).
Bu maddənin beşinci hissəsində və bu Qanunun 21-ci maddəsində göstərilən, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallardan başqa xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin kütləvi informasiya vasitələrini maliyyələşdirməsinə yol verilmir.
Həmçinin:
- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər;
- dövlət qeydiyyatından keçməyən, yaxud fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər və siyasi partiyalar kütləvi informasiya vasitəsi təsis edə bilməzlər.
Televiziya və radio yayımını həyata keçirən şəxsin təsis edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.
Maddə 15. İxtisaslaşmış kütləvi informasiya vasitələri
Cəmiyyətin müəyyən sahələrini daha ətraflı işıqlandırmaq üçün, habelə kommersiya məqsədilə ixtisaslaşmış kütləvi informasiya vasitələri yaradıla bilər. Bu zaman buraxılışdakı mətn və fotoların həcminin ən azı 50 faizi kütləvi informasiya vasitəsinin yaradılmasına səbəb olmuş məqsədə həsr olunmalıdır.
İxtisaslaşmış kütləvi informasiya vasitələri: reklam, uşaq və gənclər, informasiya, biznes, sosial, texniki, ədəbi-bədii, idman, sahə (elm, təhsil, incəsənət, təsərrüfat və s.) və digər yönümlü ola bilər.
Maddə 16. İnformasiya agentliyi
Kütləvi informasiya vasitəsi redaksiyasının, naşirin, yayıcının bu Qanunla müəyyənləşdirilən statusu və hüquqi vəziyyəti informasiya agentliklərinə də şamil edilir.
İnformasiya agentliklərinin xəbər və materialları digər kütləvi informasiya vasitələrində və kütləvi informasiya agentliklərində yayılarkən mütləq həmin informasiya agentliyinə istinad edilməlidir.
Maddə 17. Təsisçinin statusu
Təsisçi (həmtəsisçi) kütləvi informasiya vasitəsi redaksiyasının nizamnaməsini təsdiq edir, redaksiya ilə (redaktorla, baş redaktorla) müqavilə bağlayır, kütləvi informasiya vasitəsinin istehsal və yayım istiqamətlərini müəyyənləşdirir, onun maliyyə, avadanlıq və texniki təchizat məsələlərini həll edir.
Təsisçi kütləvi informasiya vasitəsində çıxış etmək, bəyanat vermək, digər rəsmi məlumatlar dərc etdirmək hüququna malikdir. Təsisçinin çıxış və bəyanatının maksimum həcmi redaksiyanın qeydiyyatdan keçirilmiş nizamnaməsində, yaxud təsisçi ilə baş redaktor (redaktor) arasında bağlanmış müqavilədə müəyyənləşdirilə bilər. Həmin çıxış, bəyanat və rəsmi məlumatlarla bağlı şikayət və iddialara görə təsisçi özü məsuliyyət daşıyır.
Təsisçi (idarə, müəssisə, təşkilat, dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar, ictimai birliklər) ləğv olunarsa, əgər qeydiyyatdan keçirilmiş nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, redaksiya kollektivi eyni adlı kütləvi informasiya vasitəsi təsis etməkdə üstün hüquqa malikdir.
Təsisçi bu Qanunda, nizamnamədə və redaksiya ilə (redaktorla, baş redaktorla) bağlanmış müqavilədə göstərilən hallar istisna olmaqla, kütləvi informasiya vasitəsinin istehsalına və yayımına müdaxilə etmir.
Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri birgə təsisçi kimi fəaliyyət göstərirlər.
Maddə 18. Naşirin statusu
Naşir öz hüquqlarını bu Qanun, habelə Azərbaycan Respublikasının müəssisələr və sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyi əsasında həyata keçirir və həmin qanunvericiliyə uyğun şəkildə vəzifələr daşıyır.
Naşir eyni zamanda kütləvi informasiya vasitəsinin təsisçisi, redaksiyası, yayıcısı, redaksiya əmlakının mülkiyyətçisi ola bilər.
Maddə 19. Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi
Kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.
Müvafiq icra hakimiyyəti orqanı:
1) əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə;
2) kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır.
Müvafiq icra hakimiyyəti orqanı:
1) dövri mətbu nəşr bu Qanunun 3-cü maddəsinin beşinci abzasının tələblərini yerinə yetirmədikdə;
2) dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə);
3) kütləvi informasiya vasitəsinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə;
4) kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində üç dəfə məsuliyyətə cəlb edildikdə, onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.
Maddə 20. Müqavilə bağlanması qaydası
Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri arasında bağlanmış müqavilədə onların qarşılıqlı hüquqları, vəzifələri, məsuliyyətləri, həmtəsisçilərin tərkibinin dəyişdirilməsi qaydası, şərtləri və hüquqi nəticələri, yarana biləcək mübahisələrin həlli qaydaları göstərilir.
Təsisçi və redaksiya (redaktor, baş redaktor) arasında bağlanmış müqavilədə əmlak və maliyyə münasibətləri, habelə təsisçinin və redaksiyanın (redaktorun, baş redaktorun) öhdəlikləri öz əksini tapır.
Həmçinin redaksiya (redaktor, baş redaktor) ilə naşir, təsisçi və naşir öz aralarında digər müqavilələr də bağlaya bilərlər.
Maddə 21. Kütləvi informasiya vasitələrinə sponsorluq
Kütləvi informasiya vasitələrinin istehsalı və ya yayımı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin sponsorluğu ilə maliyyələşdirilə bilər. Reklamı qadağan edilmiş məhsulların istehsalçılarının və satışını həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir.
Televiziya və radio yayımında xəbərlər buraxılışı və siyasi informasiya proqramları sponsorların maddi yardımı ilə hazırlana bilməz.
Xarici ölkələrin hüquqi və fiziki şəxsləri kütləvi informasiya vasitələrinə qismən (mətbu nəşrin ayrıca saylarına, yaxud verilişlərə) sponsorluq edə bilərlər.
Kütləvi informasiya vasitələrinə sponsorluq aparıcının və jurnalistin müstəqilliyinə təsir edə bilməz.
Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalı, verilişlərin(proqramların) əvvəlində və axırında firma nişanını göstərməklə və ya titrlər və ya diktor mətni vasitəsilə açıq informasiya verilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə sponsorun elan edilməsinin başqa üsulları da müəyyən edilə bilər.
IV fəsil. Mətbu nəşrin istehsalının hüquqi əsasları
Maddə 22. Mətbu nəşrin redaksiyası
Redaksiya öz fəaliyyətini peşə müstəqilliyi və nizamnamə əsasında həyata keçirir.
Redaksiya hüquqi şəxs, dövri mətbu nəşrin təsisçisi, əmlakının mülkiyyətçisi, naşiri və yayıcısı ola bilər.
Mətbu nəşrin redaktoru (baş redaktoru) ali təhsilli və Azərbaycan Respublikası vətəndaşı olmalıdır.
Maddə 23. Redaksiyanın nizamnaməsi
Redaksiyanın nizamnaməsi kollektivin azı üçdə iki hissəsinin iştirakı ilə keçirilən yığıncaqda səs çoxluğu ilə qəbul olunur və təsisçi tərəfindən təsdiq edilir.
Nizamnamədə mətbu nəşrin proqram istiqamətləri redaksiyanın fəaliyyətinin istehsalat, maliyyə və digər şərtləri müəyyən edilir.
Nizamnamədə aşağıdakılar nəzərdə tutulmalıdır: mətbu nəşrin təsisçisi (həmtəsisçisi) barədə məlumatlar, nəşrin adı və növü, dövriliyi, idarəetmə orqanları, onların yaradılma qaydası, təsisçinin, redaksiyanın, baş redaktorun (redaktorun) qarşılıqlı hüquq və vəzifələri, jurnalist kollektivinin səlahiyyətləri, baş redaktorun (redaktorun), redaksiya heyətinin təyin olunması (seçilməsi) qaydası, redaksiyanın ünvanı, mətbu nəşrin yenidən təşkili, dayandırılması və ya dövri nəşrin ləğvi, əmlakın və mənfəətin bölüşdürülməsi qaydaları və sair.
Redaksiyanın nizamnaməsi kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin tələblərinə zidd olmamalıdır.
Redaksiya kollektivi on nəfərdən az olan mətbu nəşrlərdə nizamnamə tərtib edilməsi məcburi deyildir. Bu halda baş redaktorla (redaktorla) təsisçi arasında bağlanmış müqavilə nizamnaməni əvəz edir.
Maddə 24. Baş redaktor (redaktor)
Mətbu nəşrin redaksiyasına baş redaktor (redaktor) rəhbərlik edir. Baş redaktor (redaktor) vəzifəyə təsisçi (həmtəsisçi) tərəfindən təyin edilir və ya redaksiya nizamnaməsində nəzərdə tutulmuş qaydada kollektiv tərəfindən seçilir. Baş redaktorun (redaktorun) vəzifəyə qoyulması və vəzifədən azad edilməsi bu Qanuna və əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmalıdır. Baş redaktor (redaktor) aşağıdakı tələblərə cavab verməlidir:
Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;Azərbaycan Respublikasında daimi yaşamalıdır;ali təhsilli olmalıdır.
Maddə 25. Baş redaktorun (redaktorun) səlahiyyətləri
Baş redaktor (redaktor):
mətbu nəşrin işinə rəhbərlik edir;təsisçi (həmtəsisçi), dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlarla, vəzifəli şəxslər və vətəndaşlarla münasibətlərdə redaksiyanı təmsil edir;məhkəmələrdə redaksiyanın adından iddiaçı və cavabdeh qismində çıxış edir, yaxud bu hüququ təyin etdiyi şəxsə verir;redaksiyanın adından etibarnamələr verir;əmək müqaviləsi və digər müqavilələr bağlayır;mətbu nəşrin istehsalı ilə əlaqədar son qərar qəbul edir;buraxılışın çapına icazə verir, yaxud bu hüququ təyin etdiyi şəxsə həvalə edir;işçiləri mükafatlandırır, lazım gələndə intizam tənbehi verir;nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, işçiləri işə götürür və işdən çıxarır;mətbu nəşrdə çap olunan materialları bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət edir;redaksiya nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
Maddə 26. Çap məhsullarının yayılma qaydası
Mətbu nəşrlərin çap məhsulları bilavasitə redaksiya, naşir, yaxud müqavilə əsasında rabitə müəssisələri, başqa təşkilatlar, habelə vətəndaşlar tərəfindən yayıla bilər.
Mətbu nəşrlərin çap məhsullarının yayılması, bundan ötrü haqq alınırsa, kommersiya sayılır. Qeyri-kommersiya qaydasında yayılmaq üçün nəzərdə tutulmuş məhsulun üzərində «Pulsuz» qeydi olur və belə məhsul kommersiya yolu ilə yayılma predmeti hesab edilmir.
Məhkəmənin qərarı yoxdursa, kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına mane olmağa, o cümlədən onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yol verilmir.
Maddə 27. Çap məhsullarının yayılmasına qadağa qoyulmasının xüsusi halları
Dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə ciddi zərbə vuran informasiyalar, habelə pornoqrafik materiallar dərc edilən xarici mətbu nəşrlərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayılmasına məhkəmənin qərarı ilə qadağa qoyula bilər.
Məhkəmə bu maddənin birinci hissəsinin tələblərinə zidd olaraq mətbu nəşrin artıq paylanmış məhsulunu satışdan yığışdırmaq barədə operativ qərar qəbul edə bilər.
Maddə 28. İstinad məlumatı
Mətbu nəşrin hər buraxılışında bu məlumatlar olmalıdır:
1) nəşrin adı;
2) təsisçi (həmtəsisçi) barədə məlumat;
3) baş redaktorun (redaktorun) soyadı və adı;
4) sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki vaxt);
5) rabitə idarələri vasitəsilə yayılan nəşrlərin indeksi;
6) tiraj;
7) qiymət (nəşr kommersiya qaydasında yayılırsa), yaxud «Sərbəst qiymət» və ya «Pulsuz» qeydləri;
8) redaksiyanın və dövri nəşrin çap olunduğu mətbəənin ünvanları.
İstinad məlumatının göstərilmədiyi kütləvi informasiya vasitələri məhsullarının çapı və yayılması, habelə istinad məlumatlarının qəsdən yanlış göstərilməsi qadağan edilir.
Maddə 29. Məcburi nüsxələr
Dövri mətbu nəşrlərin pulsuz məcburi nüsxələri, tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən təsisçiyə, dövlət arxivinə, Milli Kitabxanaya, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına göndərilir.
Maddə 30. Dövlət qeydiyyatına alınmadan yayılan mətbu nəşrlər
Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının yalnız özlərinin rəsmi xəbər və materiallarının, normativ və digər hüquqi aktların dərc olunması üçün təsis etdikləri mətbu nəşrlərin;
müəssisələrin, təşkilatların və idarələrin, həmçinin elm və tədris müəssisələrinin yalnız özlərinin fəaliyyətində gərəkli olan peşəyönümlü informasiyaların, elmi materialların və sənədlərin dərc olunduğu dərgi, toplu, bülleten və ya digər çap məhsulları üçün dövlət qeydiyyatı tələb olunmur.
Maddə 31. Rəsmi məlumatların yayılması
Redaksiya onun fəaliyyətinə aid həmin kütləvi informasiya vasitəsinə dövlət qeydiyyat şəhadətnaməsi vermiş orqandan gələn məlumatı dərhal, məhkəmənin qanuni qüvvəyə minmiş və müvafiq kütləvi informasiya vasitəsində dərc edilməsi barədə göstəriş olan qərarını pulsuz və həmin qərarla müəyyən olunmuş müddətdə dərc edir.
Maddə 32. Redaksiya materiallarının saxlanması
Mətbu nəşr redaksiyalarının materialları (əlyazmaları, məktublar, lent yazıları və s.) bir il müddətində saxlanılır.
Materialların saxlanma qaydaları mətbu nəşr redaksiyaları tərəfindən müəyyənləşdirilir.
V fəsil. Televiziya və radio (teleradio) fəaliyyətinin hüquqi əsasları
Maddə 33. Azərbaycan Respublikasında televiziya və radio sistemi
Azərbaycan Respublikasında teleradio verilişləri milli teleradio sisteminin əsasını təşkil edən dövlət və qeyri-dövlət teleradio təşkilatları tərəfindən həyata keçirilir.
Qeyri-dövlət teleradio təşkilatları ictimai və özəl formalarda ola bilər.
İctimai teleradio təşkilatının fəaliyyəti müvafiq qanunla tənzimlənir.
Azərbaycan Respublikasında bütün teleradio təşkilatları mülkiyyət, təşkilati-hüquqi formasından asılı olmayaraq bərabər hüquqlara malikdir və qanun qarşısında eyni məsuliyyət daşıyırlar.
Maddə 34. Dövlət teleradio təşkilatı
Dövlət teleradio təşkilatı müvafiq dövlət orqanları tərəfindən təsis edilir, dövlət büdcəsi və öz gəlirləri hesabına maliyyələşdirilir.
Dövlət teleradio təşkilatı:
televiziya tamaşaçılarını və radio dinləyicilərini Azərbaycan Respublikasında və xarici ölkələrdə baş verən ictimai-siyasi və digər hadisələr haqqında obyektiv, operativ informasiya ilə təmin edir, rəsmi informasiyaları yayır, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qərarlarını elan və şərh edir;siyasi, iqtisadi, publisistik, mədəniyyət, təhsil, əyləncə, idman proqramları, habelə uşaqlar və gənclər üçün proqramlar hazırlayır və yayır.
Maddə 35. Özəl teleradio təşkilatı
Özəl teleradio təşkilatı hüquqi şəxsdir, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən təsis edilə bilər.
Özəl teleradio təşkilatı özünün maliyyə, təsərrüfat, struktur, kadr və yaradıcılıq fəaliyyətində tam sərbəstdir və Azərbaycan Respublikasının Konstitusiyasına, «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və öz nizamnaməsinə uyğun fəaliyyət göstərir.
Maddə 36. Teleradio təşkilatlarının hüquqları və vəzifələri
Mülkiyyət formasından asılı olmayaraq teleradio təşkilatları:
verilişlər (proqramlar) hazırlamaq, yaymaq, onların videoyazılarını çoxaltmaq, satmaq və ya icarəyə vermək;abonent haqqını müəyyən etmək;reklam fəaliyyəti ilə məşğul olmaq;öz verilişlərinin proqramını dərc etdirmək;kommersiya kanalı açmaq;nizamnamə vəzifələrini yerinə yetirmək;qanuna zidd olmayan digər fəaliyyətlə məşğul olmaq hüququna malikdir.
Teleradio təşkilatlarının vəzifələri aşağıdakılardır:
verilişlərin (proqramların) mövzu əhatəliyini təmin etmək;pornoqrafik materialları yaymamaq;başqa teleradio təşkilatlarının verilişlərinin yayılmasına və qəbuluna maneçilik törətməmək;vətəndaşların şəxsi həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;yayım zamanı peşə etikasına riayət etmək.
Teleradio təşkilatları müqavilə müddəti başa çatmamış birtərəfli qaydada abonent haqqının məbləğini artıra bilməzlər.
Maddə 37. Digər teleradio təşkilatlarının verilişlərindən (proqramlarından) istifadə
Teleradio təşkilatları digər teleradio təşkilatlarının verilişlərindən (proqramlarından) yalnız onların razılığı ilə istifadə edə bilərlər. Mülkiyyətçinin razılığı olmadan teleradio təşkilatının verilişlərinin (proqramlarının) digər teleradio təşkilatları tərəfindən yayımı, köçürülməsi (tirajının çoxaldılması), satılması və kütləvi nümayişi qadağandır.
Başqa teleradio təşkilatlarının verilişlərindən (proqramlarından) qısa fraqmentlər—hər verilişdən (proqramdan) 20 saniyədən, hər filmdən 5 dəqiqədən çox olmamaqla, habelə tədris müəssisələrində istifadə üçün götürüldükdə razılıq tələb olunmur.
Verilişlərdən (proqramlardan) bu maddənin 2-ci bəndində nəzərdə tutulmayan hallarda müvafiq razılıq alınmadan istifadə edildikdə, teleradio təşkilatı vurulmuş zərərin ödənilməsi barədə məhkəmə qaydasında iddia qaldıra bilər.
Maddə 38. Yayımın başlanması və teleradio verilişlərinin (proqramların) yayımına icazə
Teleradio təşkilatı kanal və tezliklərdən istifadə üçün xüsusi razılıq aldığı vaxtdan verilişlərinin yayımına başlamaq hüququna malikdir.
Yayımın texniki vasitələrinin sahibi və ya onun istismarını həyata keçirən təşkilat həmin vasitələri kanal və tezliklərdən istifadə üçün xüsusi razılığı olmayan teleradio təşkilatının istifadəsinə verə bilməz. Yayım ancaq xüsusi razılıqda müəyyən edilmiş ərazi daxilində aparıla bilər.
Verilişlərin yayımına teleradio təşkilatının rəhbəri və ya onun təyin etdiyi şəxs (məsul redaktor) icazə verir, həmin şəxs verilişlərin keyfiyyətinə və məzmununa görə məsuliyyət daşıyır.
Maddə 39. İstinad məlumatları
Teleradio təşkilatı, gün ərzində yayım aparılırsa, azı dörd dəfə, başqa hallarda isə yayımın əvvəlində və sonunda öz adını və başqa məlumatları (çağırış kodunu, emblemini və s.) elan etməlidir.
Hər bir teleradio verilişi (proqramı) və ya onun təkrarı efirə (ekrana) buraxılarkən aşağıdakı informasiyalar əlavə olunmalıdır:
1) verilişin (proqramın) adı;
2) buraxılışın efirə (ekrana) verilmə tarixi;
3) müəllifin və efirə (ekrana) buraxılış üçün icazə vermiş baş redaktorun (redaktorun) adı və soyadı;
4) teleradio təşkilatının adı və ünvanı;
5) teleradio təşkilatının müəyyənləşdirdiyi digər məlumatlar.
Maddə 40. Rəsmi məlumatların və digər informasiyaların yayılması
Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının rəsmi məlumatları dövlət teleradio təşkilatları tərəfindən dərhal və əvəzsiz olaraq yayımlanır.
Mülkiyyət formasından asılı olmayaraq bütün teleradio təşkilatları insanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə törədən fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə məlumatları dərhal və pulsuz olaraq əhaliyə çatdırmağa borcludurlar.
Maddə 41. Teleradio vasitəsilə seçkiqabağı təbliğat
Teleradio verilişləri vasitəsilə seçkiqabağı təbliğatın aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
Maddə 42. Verilişin (proqramın) materiallarının saxlanılması
Teleradio verilişlərinin (proqramlarının) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə (ekrana) çıxandan sonra azı bir ay, qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılır.
Veriliş (proqram) materiallarının saxlanma qaydaları teleradio təşkilatı tərəfindən müəyyənləşdirilir.
Qeydiyyat jurnalında efirə (ekrana) çıxmış verilişlərin (proqramların) tarixi, vaxtı, mövzusu, müəllifi, aparıcısı və iştirakçıları göstərilməlidir.
Maddə 43. Teleradio fəaliyyətinin tənzimlənməsinin əsasları
Müvafiq icra hakimiyyəti orqanı teleradio təşkilatlarının fəaliyyətini tənzimləyir və bu Qanunun tələblərinə əməl edilməsi üzərində nəzarəti həyata keçirir. Bu məqsədlə:
teleradio informasiya fəzasının vahid inkişaf konsepsiyasını hazırlayır və həyata keçirir;kanal və tezliklərdən istifadə üçün xüsusi razılıq verir;teleradio təşkilatları tərəfindən bu Qanunun müddəalarının və xüsusi razılığın tələblərinin yerinə yetirilməsinə nəzarət edir;öz səlahiyyəti çərçivəsində teleradio təşkilatlarının fəaliyyətini (kanallardan istifadə qaydalarını və şərtlərini) yoxlayır;teleradio təşkilatlarının fəaliyyətini iki ayadək müvəqqəti dayandırır;teleradio verilişlərinin (proqramlarının) ötürülməsi üçün istifadə olunan texniki vasitələrin qanunvericiliklə müəyyən olunmuş qaydada və şərtlərə uyğun istismarına nəzarət edir;bu Qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilən vəzifələri həyata keçirir.
VI fəsil. İnformasiyaya düzəliş, təkzib və cavab verilməsi
Maddə 44. Təkzib, düzəliş və cavab vermək hüququ
Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər.
Maddə 45. Təkzib, cavab və düzəliş verilməsi qaydası
Təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib, bir qayda olaraq, məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və «Təkzib» başlığı altında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər.
Təkzib, cavab və ya düzəliş radio və televiziya ilə, tələbin alındığı gündən sonrakı müvafiq verilişdə oxunur. Bu tələbi etmiş fiziki şəxsin özünə və ya nümayəndəsinə, hüquqi şəxsin rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə efirdə (ekranda) cavabla çıxış etmək imkanı verilə bilər.
Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır.
Cavab dərc olunan (efirə gedən) buraxılışda həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab kütləvi informasiya vasitəsinin sonrakı buraxılışlarında yerləşdirilə bilər.
Təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün müddətində əsaslandırılmış məlumat verilməlidir.
Təkzibdən imtina üçün aşağıdakılar əsas ola bilər:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarına ziddirsə;
- imzasızdırsa;
- həmin məlumat və ya material barədə kütləvi informasiya vasitəsində artıq təkzib getmişdirsə;
- təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çoxdursa;
- məlumatın və ya materialın kütləvi informasiya vasitəsində yayılmasından bir aydan çox müddət keçmişdirsə (vətəndaşın rəsmi sənədlərlə təsdiq olunan xəstəlik, məzuniyyət və ezamiyyə müddətləri istisna olmaqla).
VII fəsil. Jurnalistin statusu və akkreditəsi
Maddə 46. Jurnalistin hüquqları
Jurnalistin aşağıdakı hüquqları vardır:
1) informasiya axtarmaq, toplamaq, hazırlamaq, istehsal etmək və yaymaq;
2) öz peşə vəzifəsini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə, idarə, müəssisə və təşkilatlara, ictimai birliklərə, siyasi partiyalara, vəzifəli şəxslərə müraciət etmək və ya sorğu vermək;
3) qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı faktı hər vasitə ilə, o cümlədən audiovizual vasitələrdən və kino-foto çəkilişindən istifadə etməklə qeydə almaq;
4) əqidəsinə zidd olan məlumat və materialları hazırlamaqdan və öz imzası ilə dərc etdirməkdən imtina etmək;
5) redaktə zamanı, onun fikrincə, məzmunu təhrif olunmuş məlumat və materiallardan öz imzasını çıxarmaq;
6) baş redaktorun (redaktorun) və ya redaksiyanın verdiyi tapşırıq qanunun pozulması ilə əlaqədar olduqda belə tapşırıqdan imtina etmək;
7) hazırladığı materialı öz imzası, təxəllüsü ilə, yaxud imzasız dərc etdirmək;
8) jurnalist vəsiqəsini təqdim etməklə qəza, təbii fəlakət zonalarında, fövqəladə vəziyyət elan olunmuş yerlərdə, mitinqlərdə və nümayişlərdə olmaq;
9) öz imzası ilə dərc etdirdiyi materiallarda şəxsi fikir söyləmək və qiymət vermək;
10) qanunla qorunan sirlər istisna olmaqla, sənəd və materiallarla tanış olmaq, onların surətini çıxarmaq.
Jurnalist, həmçinin Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər hüquqlardan da istifadə edə bilər.
Maddə 47. Jurnalistin vəzifələri
Jurnalistin aşağıdakı vəzifələri vardır:
1) əmək münasibətlərində olduğu kütləvi informasiya vasitəsi redaksiyasının nizamnaməsinə riayət etmək, onun fəaliyyət proqramını həyata keçirmək;
2) ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamaq;
3) informasiya ilk dəfə elan edilirsə, onu vermiş şəxslərin kimliyini göstərib-göstərməmək barədə onların xahişlərini yerinə yetirmək;
4) hazırladığı xəbər və materialların yayılması ilə əlaqədar irəli sürülə biləcək iradlar və qanunla nəzərdə tutulmuş digər tələblər barədə baş redaktora (redaktora) məlumat vermək;
5) öz imzası, imzasız və ya təxəllüslə doğru-dürüstlüyü təsdiq olunmamış, yaxud böhtan və təhqir xarakterli informasiya və materialları yaymamaq;
6) dərc etdirdiyi (efirə verdiyi) mətnlərdə peşə etikasına riayət etmək, dövlətin, vətəndaşların və təşkilatların şərəf və ləyaqətinə, qanuni mənafelərinə hörmətlə yanaşmaq;
7) peşə fəaliyyətini həyata keçirərkən təşkilatlarda, müəssisələrdə və rəsmi tədbirlərdə tələb olunduqda, redaksiya vəsiqəsini və ya şəxsiyyətini və jurnalist səlahiyyətini təsdiq edən digər sənədi göstərmək;
8) vətəndaşlardan, vəzifəli şəxslərdən, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin nümayəndələrindən, siyasi xadimlərdən məlumat alarkən audiovideo vasitələrdən və kino-foto çəkilişindən istifadə etmək barədə onların razılığını almaq;
9) vətəndaşın şəxsi həyatı haqqında məlumat yaymaq barədə onun özündən və ya qanuni nümayəndəsindən icazə almaq (ictimai maraqları müdafiə etmək üçün lazım olan hallardan başqa);
10) informasiyanın, yaxud onun mənbəyinin məxfiliyini gözləmək;
11) öz məlumatlarında konkret iş üzrə məhkəmə baxışının nəticələrini qabaqcadan müəyyən etməmək, yaxud qətnamə və ya hökm qanuni qüvvəyə minənədək məhkəməyə başqa tərzdə təzyiq göstərməmək;
Jurnalist, həmçinin Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər vəzifələr də daşıyır.
Maddə 48. Gizli lent yazıları
Gizli audio və video yazılardan, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış məlumat və materialları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:
1) şəxsin və vətəndaşın bu barədə yazılı razılığı varsa, habelə kənar şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə;
2) məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.
Bu maddənin tələblərini pozaraq gizli audio-video yazılardan, kino-foto çəkilişindən istifadə olunması və onun yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə səbəb olur.
Maddə 49. Jurnalist statusu
Jurnalistin bu Qanunla müəyyən edilmiş statusu aşağıdakılara şamil edilir:
1) kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirlərinə;
2) kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirlərinə.
Maddə 50. Jurnalistin akkreditəsi (qeydə alınması)
Kütləvi informasiya vasitələri dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin razılığı ilə və müəyyən etdikləri akkreditə qaydalarına əməl etməklə onların nəzdində öz jurnalistlərini akkreditə etdirə bilərlər.
Həmin orqanlar akkreditə olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə qabaqcadan məlumat verir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradırlar.
Jurnalist və ya redaksiya tərəfindən akkreditə qaydaları pozulmuşdursa, yaxud akkreditə etmiş təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayılmışdırsa və bu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuşdursa həmin təşkilat jurnalisti akkreditədən məhrum edə bilər.
Kütləvi informasiya vasitələri redaksiyalarının xüsusi müxbirlərinin akkreditəsi də bu maddənin tələblərinə müvafiq olaraq həyata keçirilir.
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə jurnalistlərin akkreditə olunmasının xüsusi qaydası və onların iş rejimi fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantı tərəfindən müəyyənləşdirilir.
VIII fəsil. Kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlıq
Maddə 51. Beynəlxalq əməkdaşlıq
Kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri, peşəkar jurnalist təşkilatları əcnəbilər və xarici təşkilatlarla beynəlxalq əməkdaşlıqda iştirak edə və bu məqsədlə sazişlər bağlaya bilərlər.
Maddə 52. Xarici mənbələrdən alınan informasiyanın yayılması
Azərbaycan Respublikası vətəndaşlarının xarici mənbələrdən, o cümlədən kütləvi informasiya vasitələrindən birbaşa məlumat əldə etmək hüququ var.
Bilavasitə televiziya proqramlarının qəbul olunmasının məhdudlaşdırılmasına Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.
Təsisçisi və ya redaksiyanın daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrin yayılma qaydası Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilədə müəyyən edilməmişdirsə, onun yayılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur.
Maddə 53. Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərin və xarici kütləvi informasiya vasitələrinin digər nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq dövlətlərarası müqavilələrlə tənzim edilir.
Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin nümayəndəlikləri, dövlətlərarası müqavilələrdə ayrı qayda müəyyənləşdirilməmişdirsə, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə açılır.
Xarici müxbirlərin Azərbaycan Respublikasında akkreditəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 50-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərə jurnalistin bu Qanunla müəyyən edilmiş statusu şamil edilir.
Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada akkreditə olunmamış əcnəbi müxbirlər xarici hüquqi şəxslərin nümayəndəliklərinə şamil edilən hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar.
Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin müxbirlərinin peşə fəaliyyətini həyata keçirmək üçün öz ərazisində xüsusi məhdudiyyətlər qoymuş dövlətin kütləvi informasiya vasitəsi müxbirlərinə münasibətdə cavab olaraq eyni məhdudiyyətlər qoyula bilər.
IX fəsil. Kütləvi informasiya vasitələrinin iqtisadi əsasları
Maddə 54. Kütləvi informasiya vasitələrinin maliyyələşdirmə mənbələri
Kütləvi informasiya vasitələri:
təsisçinin vəsaiti;satışdan əldə olunan gəlirlər;sponsorun ayırdığı vəsaitlər;ayrı-ayrı vətəndaşların və hüquqi şəxslərin ianələri;reklamdan əldə olunan gəlirlər;kütləvi informasiya vasitələri redaksiyalarının sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlər;qanunla qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilə bilər.
Maddə 55. Vergi güzəştləri
Kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə dəyər vergisindən azaddırlar.
Əvvəlki ildə zərərlə işləmiş kütləvi informasiya vasitələri üçün sonrakı beş il ərzində zərərin ödənilməsinə yönəldilmiş mənfəət hissəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vergi ödənişindən azad edilir.
Kütləvi informasiya vasitələrinin kütləvi informasiya vasitələri məhsulunun yayılmasından əldə etdiyi mənfəətin əsas profili üzrə kapital qoyuluşlarının maliyyələşdirilməsinə yönəldilən hissəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vergidən azaddır.
Maddə 56. Gömrük güzəştləri
Kütləvi informasiya vasitələri, kütləvi informasiya vasitələri məhsullarının ixracına, habelə fəaliyyətlərinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə gömrük rüsumundan azaddır.
Maddə 57. Güzəştlərin şamil edilmədiyi kütləvi informasiya vasitələri
Bu Qanunla müəyyən edilmiş güzəştlər reklam üzrə ixtisaslaşmış və digər kommersiya məqsədli kütləvi informasiya vasitələrinə, eləcə də təbii inhisarçılara şamil edilmir.
X fəsil. Bu Qanunun pozulmasına görə məsuliyyət
Maddə 58. Məsuliyyətin şamil edildiyi subyektlər
Bu Qanunun tələblərinin pozulmasına görə:
təsisçilər;redaksiyalar (məsul redaktorlar);naşirlər;yayıcılar;dövlət orqanları;bələdiyyələr;idarə, müəssisə və təşkilatlar;ictimai birliklər;siyasi partiyalar;vəzifəli şəxslər;jurnalistlər;müəlliflər;informasiya mənbəyinin sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Kütləvi informasiya vasitəsinin məlumatın dərc olunmasına (efirə buraxılmasına) məsul redaktoru istintaqda və ya məhkəmə icraatında olan işlə əlaqədar, qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu halda müəllifi açıqlanmayan təsvirə, məqaləyə, şəklə və ya karikaturaya görə məsuliyyət buraxılışa məsul redaktorun üzərinə düşür.
Maddə 59. Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət
Kütləvi informasiya vasitələrinin təsisçilərinin, naşirlərinin, redaksiyalarının (məsul redaktorlarının), yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən:
- senzura tətbiq etmək;
- peşə müstəqilliyini pozmaq;
kütləvi informasiya vasitəsinin istehsalını və yayımını qeyri-qanuni dayandırmaq, yaxud ona xitam vermək;- tirajı və ya onun bir hissəsini qeyri-qanuni müsadirə etmək, yaxud məhv etmək;
- jurnalisti informasiyanı yaymağa və informasiyadan informasiyanı çap etdirməkdən (efirə verməkdən) imtinaya məcbur etmək;
- jurnalistə informasiya verilməsi üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdən imtina etmək;
- jurnalist sorğusuna Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə cavab verməmək;
- habelə jurnalistin bu Qanunla müəyyənləşdirilmiş digər hüquqlarını pozmaq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətə səbəb ola bilər.
Maddə 60. Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət
Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər):
1) açıqlanması qanunla qadağan edilən məlumatları açıqladıqda;
2) baş redaktor (redaktor) mətbu nəşrdə çap olunan materialların bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət etmədikdə;
3) bu Qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda;
4) vətəndaşların şəxsi həyatına qəsd etdikdə;
5) pornoqrafik materialları dərc etdikdə və ya efirə verdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.
Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Maddə 61. Kütləvi informasiya vasitələri haqqında qanunun digər pozulma hallarına görə məsuliyyət
Kütləvi informasiya vasitələri haqqında Qanunun müddəaları aşağıdakı hallarda pozularsa:
1) təkzib, düzəliş və cavabdan əsassız olaraq imtina edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərar və qətnaməsinə əməl etmədikdə—redaksiya (məsul redaktor);
2) bu Qanunun 9-cu, 11-ci, 13-cü, 21-ci və 28-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə—təsisçi, redaksiya, naşir və yayıcı;
3) çap məhsulunun qanuni əsaslarla yayılmasına mane olduqda, dövri mətbu nəşrin tirajının pərakəndə satışına qeyri-qanuni məhdudiyyətlər qoyulduqda—vəzifəli şəxslər;
4) xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində istehsal olunan (yayımlanan) kütləvi informasiya vasitələrini qanuna zidd şəkildə maliyyələşdirmələrinə yol verdiklərinə görə—təsisçi və baş redaktor (redaktor);
5) istehsalın və yayımın dayandırılması və ya ona xitam verilməsi barədə məhkəmə qətnaməsindən sonra redaksiya və nəşriyyat kütləvi informasiya vasitəsinin məhsulunu qeyri-qanuni hazırladıqda və yaydıqda—naşir, yayıcı və redaksiya (redaktor, baş redaktor) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.
Maddə 62. Məsuliyyətdən azad edilmə halları
Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat:
1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa;
3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;
4) Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xadimlərin və vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
5) canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 7 dekabr 1999-cu il
№ 769-IQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (13 fevral 2000-ci il, № 34)
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2000-ci il, № 2, maddə 82)
23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 28 dekabr 2001-ci il tarixli, 247-IIQD nömrəli; 30 aprel 2002-ci il tarixli, 315-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 13 yanvar 2004-cü il tarixli, 588-IIQD nömrəli; 4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli; 5 iyun 2007-ci il tarixli, 375-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 463-IIIQD nömrəli; 6 mart 2009-cu il tarixli, 774-IIIQD nömrəli; 30 iyun 2009-cu il tarixli, 842-IIIQD nömrəli; 12 fevral 2010-cu il tarixli, 953-IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə