Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının “08” iyun 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmişdir
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahələrinin) icarəyə verilməsinə dair sənədlərin qəbulu, dövriyyəsi və ekspertizası QAYDALARI
I. Ümumi müddəalar
1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “İcarə haqqında” Qanuna, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 06 sentyabr tarixli 629 nömrəli Fərmanına, əmlakın icarəyə verilməsi ilə əlaqədar hüquq münasibətlərini tənzimləyən digər normativ aktlara, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra-Komitə) struktur bölmələrinin Əsasnamələrinə uyğun olaraq hazırlanmışdır və daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahələrinin) icarəyə verilməsi ilə əlaqədar sənədlərin qəbulunu, dövriyyəsini və ekspertizasını tənzimləyir.
2. Komitədə sənədlər toplusunun qəbulu, dövriyyəsi və ekspertizası bu Qaydalara uyğun olaraq həyata keçirilir.
3. Komitənin şöbə və sektorlarında sənədlər toplusunun qəbulu, dövriyyəsi və ekspertizasının bu Qaydalar əsasında həyata keçirilməsinə görə məsuliyyət müvafiq olaraq onların rəhbərliyinin üzərinə düşür.
II. Sənədlər toplusunun qəbulu
4. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi və sahəsinin dəqiqləşdirilməsi barədə fiziki və hüquqi şəxslərin ərizələri Komitənin ərazi şöbələrinə daxil olduqdan sonra əmlakın icarəyə verilməsinin mümkünlüyü yoxlanılır və cizgisinin çəkilməsi üçün aidiyyəti şöbə tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə sifariş verilir. Sahənin cizgisi çəkildikdən sonra daşınmaz əmlakın (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi barədə bu Qaydalarda göstərilmiş müvafiq sənədlərin mövcudluğu (Komitədə əlavə olunan sənədlər istisna olmaqla) yoxlanılır və zəruri hallarda əlavə olunması təmin olunur, müəssisəyə (obyektə) baxış keçirilərək “İcarəyə götürülən obyektin əsas göstəriciləri” (əlavə olunur) tərtib edilir.
5. Sənədlər toplusunda çatışmamazlıqlar aşkar edildikdə, Komitənin ərazi şöbələri sənədlər toplusunun daxil olduğu gündən 2 (iki) iş günü ərzində onların geri qaytarılmasını təmin edir (bu halda ərizəçiyə yazılı şəkildə əsaslandırılmış cavab verilir).
6. Müvafiq qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış sənədlər toplusu ərazi şöbələrinə daxil olduğu gündən 3 (üç) iş günü müddətində baxılaraq Komitəyə təqdim olunur.
III. Sənədlər toplusunun dövriyyəsi və ekspertizası
7. Sənədlər toplusu Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin müdiri tərəfindən aidiyyəti üzrə Dövlət əmlakının icarəyə verilməsi sektoruna verilir.
8. Dövlət əmlakının icarəyə verilməsi sektorunda hər bir konkret obyekt üzrə ekspertizanı həyata keçirən şəxs (şəxslər) müəyyən olunur.
9. Sənədlər ekspertizanı həyata keçirən şəxs tərəfindən 1 (bir) iş günü ərzində təhlil olunur, sənədlərdə hər hansı çatışmazlıqlar aşkar edildikdə, onların aradan qaldırılması üçün tədbirlər görülür.
10. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahələrinin) icarəyə verilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:
10.1. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi üçün:
- daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında fiziki şəxsin imzası və hüquqi şəxsin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş ərizə;
- fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- hüquqi şəxsin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- ərizədə göstərilən daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsinin mümkünlüyünü təsdiq edən sənəd (balans sahibinin müvafiq məktubu və ya sahənin boş və istifadəsiz olduğunu təsdiq edən akt; (əlavə olunur)
- ərizədə göstərilən daşınmaz dövlət əmlakı (qeyri-yaşayış sahəsi) əvvəllər icarədə olubsa-əvvəlki icarə müqaviləsi, icarəçinin ondan imtina edilməsi haqqında ərizəsi (fiziki şəxslər üçün notarial qaydada, hüquqi şəxslər üçün isə səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilmiş) və ya müqaviləyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verilməsini təsdiq edən sənəd;
- ərizədə göstərilən daşınmaz dövlət əmlakı (qeyri-yaşayış sahəsi) əvvəllər ərizəçinin istifadəsində olubsa-istifadə etdiyinin əsası barədə sənəd;
- sahənin cizgisi.
10.2. İcarə müqaviləsinin müddətinin uzadılması üçün:
- icarə müqaviləsinin müddətinin uzadılması haqqında fiziki şəxsin imzası və ya hüquqi şəxsin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş ərizə;
- axırıncı icarə müqaviləsi;
- sahənin cizgisi;
- icarə haqqı üzrə borcunun olmaması haqqında arayış.
10.3. İcarəyə götürülmüş daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) tərkibində dəyişikliklərin edilməsi (sahənin ayrılması və ya azaldılması) üçün:
- daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) tərkibində dəyişikliklərin edilməsi (artırılması) haqqında fiziki şəxsin imzası və ya hüquqi şəxsin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş ərizə;
- daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahələrinin) tərkibində dəyişikliklərin edilməsi (müvafiq hissəsindən imtina) haqqında fiziki şəxslər üçün notarial qaydada, hüquqi şəxslər üçün isə səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş ərizə;
- icarə müqaviləsi;
- sahənin cizgisi;
- icarə haqqı borcunun olmaması haqqında arayış.
11. Bundan sonra sənədlər toplusu əsasında obyektin registr məlumatlarının dəqiqləşdirilməsi məqsədilə ekspertizanı həyata keçirən şəxs sənədlər toplusunu Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinə təqdim edir.
12. Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi 1 (bir) iş günü ərzində sənədlər toplusunu daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışı əlavə etməklə ekspertizanı həyata keçirən şəxsə qaytarır.
13. Bundan sonra ekspertizanı həyata keçirən şəxs sənədlər toplusunu hüquqi ekspertiza üçün Hüquq şöbəsinə təqdim edir.
14. Hüquq şöbəsi tərəfindən sənədlər toplusu 1 (bir) iş günü ərzində ekspertiza edilir və sənədlər toplusunda qeyd vərəqi (əlavə olunur) imzalanır, iradlar olduğu halda yazılı şəkildə bildirilməklə sənədlər toplusu ekspertizanı həyata keçirən şəxsə qaytarılır.
15. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün ekspertizanı həyata keçirən şəxs tərəfindən 1 (bir) iş günü ərzində zəruri tədbirlər həyata keçirilir.
16. Qaydaların 10.1-ci və 10.3-cü bəndlərində nəzərdə tutulmuş hallarda Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsi tərəfindən 1 (bir) iş günü ərzində obyektlərin icarəyə verilməsi haqqında müvafiq sərəncam layihəsi hazırlanır və Komitənin aidiyyəti olan struktur bölmələrinin rəhbərliyi ilə razılaşdırılır.
17. Qaydaların 10.1-ci və 10.3-cü bəndlərində nəzərdə tutulmuş hallarda Komitə sədri tərəfindən müvafiq sərəncam imzalandıqdan, Qaydaların 10.2-ci bəndində nəzərdə tutulmuş halda isə ərizənin üzərində şöbə müdiri tərəfindən müvafiq dərkənar qoyulduqdan sonra 2 (iki) iş günü ərzində icarə müqavilələrinin layihələri tərtib edilir və imzalanmaq üçün təqdim edilir.
18. İmzalanan icarə müqavilələri həmin iş günü ərzində qeydiyyata alınır və müqavilənin nüsxələrinin hamısı ekspertizanı həyata keçirən şəxs tərəfindən Hüquq şöbəsinə təqdim edilir və burada icarəçi müqavilələrin nüsxələrinin hamısını imzaladıqdan sonra müqavilənin bir nüsxəsi icarəyə verilmiş daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) təhvil-təslim aktı ilə birlikdə icarəçiyə təqdim edilir.
Müqavilənin qalan nüsxələrdən biri Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinə arxivdə saxlanılması üçün təhvil verilir, bir nüsxəsi İqtisadi təhlil, dövlət satınalmaları və daxili audit şöbəsinə verilir, digər bir nüsxəsi isə balanssaxlayıcı təşkilata göndərilir.
19. Sənədlər toplusu qovluğa tikilərək arxivə təhvil verilir.