I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Qaydalar

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun Müşahidə Şurasının 3 oktyabr 2013-cü il tarixli
04 (07) saylı
 iclasının qərarı ilə  təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun Müşahidə Şurasının 28 dekabr 2013-cü il tarixli
05(08) saylı
03  sentyabr 2014-cü il tarixli 02 (10) saylı və 30 aprel 2015-ci il tarixli
02 (13) saylı iclaslarında Qaydalara dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi

QAYDALARI

  1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (bundan sonra – Fond) tərəfindən gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin layihələrini maliyyələşdirmək üçün təşkil edilən qrant müsabiqələrini tənzimləyir.

1.2. Qaydalar Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2011-ci il tarixli 542 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməsi”nə uyğun hazırlanmışdır.

  1. Müsabiqə üzrə kateqoriyalar

2.1. Fond tərəfindən qrant müsabiqələri aşağıdakı  4 kateqoriya üzrə keçirilir:

2.1.1. “A” kateqoriyası (yerli layihələr) – Fondun Müşahidə Şurasının təsdiq etdiyi mövzulara uyğun olaraq, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının yerli layihələri;

2.1.2. “B” kateqoriyası (beynəlxalq layihələr) – Fondun Müşahidə Şurasının  təsdiq etdiyi mövzulara uyğun olaraq, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatları tərəfindən yerli və xarici ölkə gənclərinin iştirakı ilə Azərbaycanda (minimum 5 ölkədən iştirakçı və 2 xarici gənclər təşkilatı tərəfdaş olmaqla), habelə Azərbaycan gənclərinin iştirakı ilə xarici ölkələrdə keçirilməsi nəzərdə tutulan layihələr;

2.1.3. “C” kateqoriyası fərdi layihələr – Fondun Müşahidə Şurasının təsdiq etdiyi mövzulara uyğun olaraq, yaşı 16-dan 29-dək olan fiziki şəxslərin layihələri;

2.1.4. “D” kateqoriyası (beynəlxalq tədbirlərdə iştirak qrantları) – azərbaycanlı gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi ilə bağlı müraciətləri;.

  1. Müsabiqədə iştirak

3.1. Müsabiqədə iştirak etmək istəyənlər Fondun rəsmi internet saytında (www.youthfoundation.az) müvafiq qaydada qeydiyyatdan keçməli, şifrə və parol almalıdırlar.

3.2. Müsabiqədə yalnız dövlət qeydiyyatından keçmiş gənclər təşkilatları və 16-29 yaş həddində olan fiziki şəxslər iştirak edə bilərlər.

3.3. Gənclər təşkilatları müsabiqəyə “A” və “B kateqoriyalarından yalnız biri üzrə 1 layihə təqdim edə bilərlər.

3.4. Fiziki şəxslər il ərzində “C” kateqoriyası üzrə 1 layihə təqdim edə bilərlər.

3.5. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilmir.

3.6. Fond tərəfindən maliyyələşdirilmiş və icrası başa çatmamış layihələrin icraçılarının yeni müsabiqədə iştirakına yol verilmir.

3.7. Layihəsinin icrası başa çatmış, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixdən ötən 15 gün müddətində hesabatı Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmır.  

3.8. Layihələr Fonda yalnız elektron qaydada təqdim olunmalıdır.

3.9. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

3.10. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin məzmunu Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin müddəa və istiqamətləri ilə ziddiyyət təşkil etməməlidir.

3.11. Siyasi, dini və ya xeyriyyə fəaliyyəti, xaricdə təhsil, humanitar yardım və gəlirin artırılmasını nəzərdə tutan layihə təklifləri maliyyələşdirilmir.

  1. Müsabiqənin müddəti

4.1. Müsabiqənin müddəti (başlanması və bitmə tarixi) Fondun Müşahidə Şurası tərəfindən müəyyənləşdirilir.

4.2. “A”, “B” və ”C” kateqoriyaları üzrə layihə təkliflərinin təqdim olunması üçün, bir qayda olaraq,  30 günədək vaxt müəyyən edilir. Zərurət olduğu halda, Müşahidə Şurasının qərarı ilə həmin müddət dəyişdirilə bilər.

4.3. “D” kateqoriyası üzrə müraciətlərin qəbulu mütəmadi xarakter daşıyır.

4.4. “D” kateqoriyası üzrə müraciətlər beynəlxalq tədbirin başlayacağı vaxtdan azı 1 ay əvvəl edilməlidir. Beynəlxalq tədbirdə iştirak edəcək şəxsə ünvanlanmış dəvətnamə və həmin şəxsin tədbirdəki çıxışının mətni (əgər olarsa) müraciətə əlavə edilməlidir.

  1. Layihələrin qiymətləndirilməsi

5.1. Layihə təklifləri Fondun Müşahidə Şurasının müəyyən etdiyi vaxt ərzində qiymətləndirilir və müsabiqənin qalibi olmuş layihələr barədə ictimaiyyətə məlumat verilir.

5.2. Müsabiqəyə təqdim olunmuş layihələrin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir:

  • layihələrin texniki ekspertizası;
  • Fondun Müşahidə Şurası tərəfindən layihələrin qiymətləndirilməsi və qərarların qəbul edilməsi.

5.3. Layihələrin texniki ekspertizası Fondun aparatı tərəfindən həyata keçirilir. Fondun aparatı:

  • layihə təkliflərinin qeydiyyatını aparır və onları kateqoriyalar üzrə qruplaşdırır;
  • layihə təkliflərinin və əlavə olunmuş sənədlərin Müşahidə Şurasının təsdiq etdiyi formalara uyğunluğunu yoxlayır;
  • layihə təkliflərinin oxşarlığını və ya təkrar verilmə ehtimalını müəyyənləşdirir;
  • layihəni təqdim etmiş gənclər təşkilatının və ya fiziki şəxsin Fondun maliyyə dəstəyi ilə əvvəl icra etdiyi layihələrin hesabatlılıq vəziyyətini araşdırır.

5.4. Fondun aparatı texniki ekspertizanın nəticələri ilə bağlı hər bir layihə haqqında arayış hazırlayır və Müşahidə Şurasına təqdim edir.

5.5. Müşahidə Şurası Fondun aparatının təqdim etdiyi arayışlar əsasında layihələri qiymətləndirir və qərarlar qəbul edir. Müşahidə Şurası:

  • layihə təklifinin bu Qaydalara uyğunluğunu, ictimai əhəmiyyətliliyini, səmərəli və real olmasını, habelə davamlılıq amillərini qiymətləndirir;
  • layihə təkliflərinin büdcəsini araşdırır;
  • hər bir layihə üzrə müvafiq qərar qəbul edir.

5.6. Beynəlxalq tədbirlərdə iştirak üçün (“D” kateqoriyası) Fonda daxil olmuş müraciətlərlə bağlı qərar Müşahidə Şurası sədrinin razılığı ilə Fondun icraçı direktoru tərəfindən qəbul edilir.

  1. Layihələrin maliyyələşdirilməsi

6.1. “A”, “B”, “C” kateqoriyaları üzrə təqdim edilmiş və maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrin büdcə xərcləri 2 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 70 faizi, layihənin yekun hesabatı təqdim edildikdən sonra isə qalıq 30 faiz müvafiq bank hesablarına köçürülür.

6.2. “Fond “D” kateqoriyası üzrə səfər xərclərinin (nəqliyyat və ya yaşayış) 70 faizini səfərdən əvvəl, qalan 30 faizini isə səfər başa çatdıqdan və hesabat təqdim edildikdən sonra ödəyir.

6.3. Layihələrə ayrılmış maliyyə vəsaiti Azərbaycan manatı (AZN) ilə ödənilir.

6.4. Layihənin büdcəsi xarici valyuta ilə tərtib olunduqda, layihənin maliyyələşdirilməsi barədə qərarın qəbul edildiyi gün üçün Azərbaycan Mərkəzi Bankının qüvvədə olan məzənnəsi əsas götürülür.

6.5. Ehtiyac olduğu təqdirdə, layihəyə ayrılan maliyyə vəsaiti xarici valyuta ilə də ödənilə bilər.

6.6. Resipiyentə ayrılmış maliyyə vəsaiti, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, yalnız layihənin Fond tərəfindən təsdiq edilmiş icra planına və büdcəsinə uyğun xərclənməlidir. İcra planında və büdcə xərclərində dəyişiklik etmək zərurəti yaranarsa, öncədən Fondun icraçı direktoruna rəsmi qaydada müraciət olunmalı, dəyişikliklər Müşahidə Şurası sədrinin razılığı ilə icraçı direktor tərəfindən təsdiq edilməlidir.

6.7. Fond və resipiyentlər arasında maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilələrin imzalanma müddəti (başlanma və bitmə tarixi) Müşahidə Şurası tərəfindən müəyyənləşdirilir. Həmin müddətdə müqaviləni imzalamamış resipiyentlərin layihələrinə xitam verilir.

  1. Layihələrin hesabatlılığı

7.1. Fond maliyyələşdirilmiş layihələrin icrasına nəzarət məqsədi ilə monitorinqlər təşkil edir və müvafiq arayışlar hazırlayır.

7.2. Gənclər təşkilatları və fiziki şəxslər layihələrin icrası başa çatdıqdan sonra 15 gündən gec olmayaraq, müvafiq təsviri və maliyyə hesabatını təsdiqləyici sənədlərlə birlikdə Fonda təqdim edirlər.

7.3. Hesabatlar Fond tərəfindən təsdiq olunmuş formalara uyğun olaraq, azərbaycan və ya ingilis dilində tərtib edilir.

7.4. Layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ Fondun hesabına qaytarılır.

7.5. Fond hesabatların yoxlanılması prosesində layihənin icrası və nəticələri barədə daha ətraflı təsəvvür əldə etmək üçün resipiyentdən əlavə məlumat və (və ya) sənədlər tələb edə bilər.

7.6. Fond hesabatları müvafiq qaydada yoxladıqdan sonra onları təsdiq edir və bu barədə resipiyenti yazılı şəkildə məlumatlandırır.

7.7. Fond resipiyentə ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini və ya digər pozuntuları aşkar edərsə, resipiyentin maliyyə dəstəyi almaq imkanlarını azı 1 il müddətinə məhdudlaşdıra, dayandıra və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər tədbirlər görə bilər.

  1. Yekun müddəalar

8.1. Qrant müsabiqəsi haqqında daha çox gəncin və gənclər təşkilatının məlumatlandırılması üçün Fond tərəfindən informasiya sessiyaları və digər tədbirlər təşkil edilir.

8.2. Qrant müsabiqəsi ilə bağlı informasiyalar Fondun saytında yerləşdirilir.

Go to top