On səkkizinci fəsil
aREFERENDUMUN TƏYİN EDİLMƏSI
Maddə 122. Referendum keçirilməsi haqqında qərarın qəbul edilməsi
122.1. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 18-ci bəndinə və 109-cu maddəsinin 18-ci bəndinə uyğun olaraq referendum keçirilməsinə dair qərar müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.
122.2. Ən azı 300 min aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidentinə və ya Azərbaycan Respublikası Milli Məclisinə referendumun keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər.
Maddə 123. Referendum keçirilməsi haqqında qərara dair tələblər
123.1. Referendum keçirilməsinə dair qərarda aşağıdakılar göstərilməlidir:
123.1.1. referendumun keçirilməsi tarixi;
123.1.2. referenduma çıxarılan aktın adı;
123.1.3. referenduma çıxarılan aktın məzmununun qısa təfsiri;
123.1.4. referendumun maliyyələşdirilməsi qaydası.
123.2. Referenduma çıxarılan aktın layihəsi referendumun keçirilməsi haqqında qərara əlavə olunur.
123.3. Referenduma çıxarılan aktın layihəsi referendum elan edildikdən sonra dəyişdirilə bilməz və ona əlavələr edilə bilməz.
Maddə 124. Referenduma çıxarılan məsələlərlə tanışlıq
124.1. Referenduma çıxarılan aktın layihəsi kütləvi informasiya vasitələrində referendumun təyin edilməsi haqqında qərarla birlikdə dərc edilməlidir. Bu, daha çox seçicinin referendum aktının mətni ilə tanış olması üçün zəruri şərait yaradır.
124.2. Seçici referendum aktının layihəsini səsvermə gününə azı 30 gün qalmış məntəqə seçki komissiyasından almaq hüququna malikdir. Referendum aktının layihəsinin çap edilməsi və yayılmasını təmin etmək Mərkəzi Seçki Komissiyasının vəzifəsidir.

